Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində I kurs tələbələri üçün Koreya Respublikasının İnçon şəhərində təşkil olunan 3 həftəlik “Yay məktəbi”nin ilk həftəsi maraqlı tədbirlərlə yadda qalıb.
"Unikal" xəbər verir ki, “Yay məktəbi”ndə tələbələrin asudə vaxtlarının səmərəli keçməsi üçün müxtəlif tədbirlər və gəzintilər təşkil edilib. Bu tədbirlərdən biri kimi “Yay məktəbi”ndə iştirak edən digər əcnəbi tələbələrlə (Almaniya, Polşa, Özbəkistan, Çin, Rusiya) birgə "Caribbean Bay & Everland" istirahət mərkəzinə tur həyata keçirilib. Bununla yanaşı, İNHA Universitetinin əməkdaşları ilə BMU tələbələri arasında futbol üzrə yoldaşlıq görüşü baş tutub.
Ümumilikdə 122 tələbənin iştrak etdiyi “Yay məktəbi”ndə müxtəlif fənlərlə bərabər, gücləndirilmiş formada Koreya dili də tədris olunur.
“Yay məktəbi”nin təşkili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU və İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əsas istiqamətlərindən biridir. “Yay məktəbi”ndə iştirak xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.
29 iyul - 16 avqust tarixlərini əhatə edəcək “Yay məktəbi”nin sonunda tələbələrə sertifikatlar təqdim olunacaq.