Şəki şəhərində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və Şəki Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, Şəki, Zaqatala, Balakən və ətraf rayonların çay hövzələrində mövcud faydalı qazıntı yataqlarının vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Çay yataqlarında karxana fəaliyyəti və toplanmış inert materialların daşınması məsələləri müzakirə olunub. Şimal-Qərb regionuna aid faydalı qazıntı yataqlarında aparılan istismar fəaliyyətlərinə dair monitorinqlərin nəticələri paylaşıldı. Gələcəkdə istismara verilməsi nəzərdə tutulan yeni sahələr üçün hərracların təşkili də diqqətdə saxlanılıb. Qeyd olundu ki, qum-çınqıl mineral xammalı tikinti sektorunun vacib materialıdır. Çay hövzələrindən rasional istifadə həm inşaat bazarının tələbatının ödənilməsinə, həm də regionun sosial-iqtisadi rifahına və eko-sistemin mühafizəsinə dəstək olacaq. Şəki və ətraf rayonlarda dağ-mədən sənayesinə yerli və əcnəbi investorların marağını artırmaq məqsədilə stimullaşdırıcı biznes təkliflərin hazırlanması da müzakirə mövzularından biri olub.
Görüş zamanı bölgədən keçən çay hövzələrində ehtiyatı qiymətləndirilmiş faydalı qazıntı yataqlarının istifadəyə verilməsi məqsədilə indiyədək keçirilən hərraclar, verilən icazə sənədləri və aparılan müntəzəm monitorinqlər barədə məlumatlar paylaşılıb.