Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə “Cop-29 tədbirləri ərəfəsində və dövründə ehtimal edilən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması” mövzusunda müşavirə keçirib.
"Unikal" xəbər verir ki, müşavirədə FHN-in Sumqayıt Regional Mərkəzinin və yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, o cümlədən hüquq mühafizə orqanlarının, eləcə də şəhər üzrə fəaliyyət göstərən iri sənaye və istehsalat müəssisələrinin rəhbərləri və yerli KİV-nin əməkdaşları iştirak ediblər.
Öncə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Mərkəzin binasındakı büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Müşavirəni giriş sözü ilə açan FHN Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev Müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xalqının səadəti, dövlətimizin müdafiə qüdrətinin yüksəlməsi, dövlətçiliyin möhkəmlənməsi, milli müstəqilliyimizin əbədiyaşar olması uğrunda mübarizəsi nəticəsində Azərbaycanın regionda ən güclü dövlətinə çevrildiyini qeyd edib. Bildirib ki, iqlim dəyişikliynə səbəb olan dünya sənayesinin inkişafı əhalinin və ərazilərin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqətin ayrılmasını tələb edir. Eləcə də cari dövr ərzində Sumqayıt şəhərində yerləşən iri sənaye və istehsalat müəssisələrində həyata keçirilən monitorinqlər nəticəsində bəzi müəssisələrdə yanğın, tikinti və texniki təhlükəsizlik sahələrində bir sıra nöqsanlar aşkar olunduğunu vurğulayıb.
Sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Cəmil Xudiyev çıxış edərək məişət və istehsalat tullantılarının qanunsuz yığıldığı ərazilərin təmizlənməsi, nasaz yanğın su hovuzlarının və hidrantlarının bərpası, mühüm əhəmiyyət kəsb edən, eyni zamanda təhlükə potensiallı iri sənaye və istehsalat müəssisələrin, eləcə də insanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti barədə danışıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək ətraf mühitin qorunması ilə bağlı dövlət tərəfindən atılan addımlar və Sumqayıt şəhərində görülən işlərdən danışıb, ekoloji tarazlığın qorunmasının vacibliyini vurğulayıb. Həmçinin çıxışında fövqəladə halların qarşısının alınmasında, eləcədə nəticələrinin aradan qaldırılması zamanı əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində birgə fəaliyyətin və əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.
Sonra müşavirədə çıxış edənlər sözügedən problemlərin həlinə dair təkliflər səsləndiriblər.
Müşavirənin sonunda FHN Sumqayıt Regional Mərkəzin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvə və texnikasına baxış keçirilib, onların təyinatı və istifadəsi qaydaları haqqında məlumat verilib.