Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla qarşılaşıb.

Azərbaycanlı idmançıların duelindən sonuncu xal (3:3) prinsipinə əsasən qalib ayrılan Ukrayna təmsilçisi adını finala yazdırıb.

O, sabah qızıl medal uğrunda görüşdə Slavik Qalstyan (Ermənistan) - Səid Leyvesi (İran) cütünün qalibi ilə üz-üzə gələcək. H.Cəfərov isə bürünc medal görüşünə çıxacaq.

Bu gün, həmçinin Sənan Süleymanov 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

XXX

15:41

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun “Paris-2024” Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Ukraynanı təmsil edən digər azərbaycanlı güləşçi Pərviz Nəsibovla qarşılaşacaq.

Görüş bu gün Bakı vaxtı ilə saat 20:15-də baş tutacaq.