Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçmiş həyat yoldaşına ov tüfəngindən atəş açaraq öldürmək istəyən şəxsin məhkəməsi davam etdirilib.
"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (ölümə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs Rəşad Əsədzadə ifadə verərək bildirib ki, həyat yoldaşı ilə son zamanlar münasibətləri pozulub: "Cəmiləni özüm sevib almışdım, 5 il bir yerdə mehriban yaşadıq. Hadisəni torətməmişdən qısa müddət qabaq onun mənə xəyanət etməsini bildim. Bir həftədə Bərdədən 2 dəfə Bakıya gəlib getmişəm, onu izləmişəm. Sonra otelə dəvət etdim, hadisəni orada torətdim. Mən içkili idim, bilirdim cinayət törədəcəyəm, silahda üstümdə idi. Oteldə Cəmilədən qabaq gəlmişdim. Bir dəfə atəş açdım. Açıq deyim, mənim üstümdə bıçaq da var idi, əlavə patron da var idi. Mənim fikrim onu öldürmək olub. Atəş açandan təxminən 3 dəqiqə sonra otel işçiləri içəri girdi. Törətdiyim əməldən peşman deyiləm".
Təqsirləndiriləndən sonra zərərçəkmiş qismində tanınan Cəmilə Məmmədova ifadə verərək qeyd etdi ki, Rəşad həyat yoldaşım olsa da nikahım olmayıb: "10 il idi ayrılmışdıq, cəmi 2 il bir yerdə olmuşuq. 6-7 ay qabaq isə aliment vermədi, mübahisəmiz başladı, əsas da anamın qoyunları ilə bağlı idi. Rəşad anamla birgə qoyun saxlayırdı, evini satıb qoyun almışdı, Rəşad baxırdı qoyunlara. Sonra gördüm Rəşad yolunu azıb, insan alveri ilə məşğul olur, əlimdə səs yazıları var idi. Hadisədən 3 gün qabağa kimi mənə yığıb nəsə deməyib. Çünki 10 il idi ayrılmışdıq. Bizim aramızda ancaq qoyun-quzu münasibəti var idi. Rəşad yoldaşını götürdü gəldi bizə Bakıya, həmin silah çantasında idi, ancaq biz bilmirdik onda nə var. Mən uşağımı da götürüb getdim həmin gecə xalamgilə. Maşının cəriməsini ödəmək üçün pula ehtiyacım oldu, yığdım Rəşada, dedi gəl oteldən götür. Mən də getdim otelə, gördüm tək oturub otaqda. Mənə içki təklif etdi, içmədim, bir tikə çörək yedim. Mənə dərman təklif elədi, dedi içəndə adamın kefini düzəldir. Sonra otelin işçisi gəldi qışqırığıma, axır dedi pul verəcəm, 170 manat pul verməli idi. Axır mənə dedi üzünü çöndər, mən üzümü çöndərəndə bu silahı mənə qarşı tuşladı. Bu əvvəllər də mənə deyib ki, sənin qulağını kəsəcəm, səbəb isə uşağın 4-5 yaşı olanda onun şəkilini sosial şəbəkələrdə paylaşmağım olub. Hadisəyə gəlincə, 2 dəqiqə əlbəyaxa olduq. Bir güllə atdı, bu vaxtı səsə otelin işçiləri gəldi. Gördüm barmaqlarım işləmir, qanadı. Apardılar xəstəxanaya, 7 gün orda qaldım".
Daha sonra Cəmilə Məmmədovanın anası şahid qismində ifadə verib: "Əvvəllər mənim kürəkənim olub. Qoyunları satmışdı məndən xəbərsiz, qızıma demişdi 2 oğlanı 2 qızla görüsdürəcəm həmin pul çıxacaq. Qızıma dedi ki, qumar üstündə polislər məni rayondan qovub, gəlmişəm Bakıda restorandayam, gəl görüşək".
Növbəti şahid qismində zərərçəkənin bacısı ifadə verdi: "Hadisə olmamışdan qabaq bizə gəlmişdi, bacımı elə həmin gün vurmaq istəyirdi. Hadisə olanda da zəng elədilər, getdik otelə gördüm bacım yaralıdır".
Məhkəmə prosesində otelin işçisi, şahid qismində Anar Allahverdizadə ifadə verərək qeyd etdi ki, Rəşadı hadisə günü tanıyıb: "Rəşad otelə qonaq gəlmişdi. 2 dəfə səsə qalxdım otağa, xəbərdarlıq etdim ki, sakit olsunlar. Axırıncı dəfə qalxanda gördüm yer qandır. Mizin üstündə olanları yığışdırdıq, orada otelə aid olmayan bıçaq var idi. Əlində heç bir şey yox idi, silah yerdə qalmışdı. Mən köməklik etdim Cəmiləni təcili yardıma çatdırdıq".
Xatırladaq ki, hadisə bu il yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində yerləşən otellərin birində qeydə alınıb. Rəşad Əsədzadə həyat yoldaşı Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.
İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci ((xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli