Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) 07.08.2024-cü il tarixində saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hündürlükdən yıxılma, sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu qoyulan pasiyent Travmatologiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib.

09.08.2024-cü il saat 12:00 radələrində xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq, onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır.

Qeyd edək ki, meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

*** 13:19

Avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.

***13:10

Sumqayıtda qətl törədilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 9-da saat 12:30 radələrində Sumqayıt şəhəri ərazisində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib"- deyə məlumatda qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.