Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilən şəxs-Qədir Qasımovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, prosesdə şahid qismində hadisəni törədən şəxsin azyaşlı qızı Şəbnəm Xamoyeva ifadə verib: "Hadisə səhərə yaxın oldu. Atam içkili vəziyyətdə evə gəldi, mənim gözümün qabağında anamı öldürdü. Atam həmişə evə içkili gəlirdi, anamı döyürdü. Hətta anam bişirən yeməkləri çölə atırdı".
Sonra Qədir Qasımovun bacanağının anası Pərizadə ifadə verərək bildirib ki, hadisə Zülfiyyənin restoranda işə girməsi üstündə baş verib: "Mən oğlumun evinə qonaq gəlmişdim. Evdə uşaqlardan mənim nəvəm İslam və Şəbnəm var idi. Mən şəkər xəstəsi olduğumdan yatmışdım. Birdən səsə oyandım. Hadisə uşaqların gözü qabağında baş verib, Qədir bıçaqla Zülfiyyənin boyun, çiyin, kürək nahiyələrindən vuraraq öldürüb. Hətta danladımda Qədiri, dedi gedirəm polisə təslim olmağa. Gedib 40-cı polis bölməsinə təslim oldu".
Məhkəmənin növbəti gedişində hakim Telman Hüseynov cinayət işinin materiallarını tədqiq etdi. Məlum oldu ki, Qədir Qasımov 3-cü qrup əlildir.
Sonra hakim məhkəmə istintaqının tamamlanmas ilə bağlı qərarı elan etdi və dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış etdi və Qədir Qasımovun 19 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sonra təqsirləndirilən şəxsin vəkili Toğrul Məmmədov çıxış edərək qeyd edib ki, cinayətin törədilməsində xuliqanlıq niyyəti olmayıb, həmçinin hadisə azyaşlı uşaqların gözü qarşında baş verməyib. Müdafiə etdiyim şəxsə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza verilməsini xahiş edirəm.
Qeyd edək ki, Qədir Qasımov son sözündə həyat yoldaşı Zülfiyyə Xamoyevanı qısqanclıq zəminində öldürdüyünü bildirdi.
Çıxışlardan sonra hakim hökmü elan edib və Qədir Qasımov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyindən verilən məıumata görə, hadisə ötən il noyabr ayının 2-də səhər saat 7 radələrində Binəqədi rayonu, yeni yaşayış massivində yerləşən evlərdən birində qeydə alınıb. Orada yaşayan, 37 yaşlı Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 42 yaşlı Qasımov Qədir Tahir oğlu saxlanılıb. Qədir Qasımov barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 157.1-ci maddəsi ilə Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb.