Meksikanın hazırkı prezidenti Andres Manuel Lopez Obrador Rusiya lideri Vladimir Putin yeni dövlət başçısının andiçmə mərasimində iştirak edəcəyi təqdirdə onun həbsi ilə bağlı Ukraynanın tələbini rədd edib.
"Unikal" "Röyters"ə istinadən xəbər verir ki, Lopez açıqlamasında "Biz bunu edə bilmərik. Bu, bizim işimiz deyil" deyib.
Ukrayna Meksikadan Putinin oktyabrın 1-də yeni seçilmiş prezident Klaudiya Şeynbaumun andiçmə mərasiminə qatılacağı təqdirdə onun həbsini istəyib. Meksikanın Ukraynadakı səfirliyinin 7 avqust tarixli bəyanatında yer alan sorğuda BMT Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən verilən həbs qərarına istinad edilir.
Şeynbaumun komandası Rusiya prezidentini andiçmə mərasimində iştirak etməyə dəvət edib. İyun ayında Putin Şeynbaumu seçkilərdə qələbəsi münasibətilə təbrik edərək, Meksikanı “Rusiyanın Latın Amerikasında tarixən dost tərəfdaşı” adlandırıb.
Xatırladaq ki, ötən il Beynəlxalq Cinayət Məhkəməsi Putini 2022-ci ilin fevralında başlanan genişmiqyaslı işğaldan sonra uşaqları Ukraynadan Rusiyaya qeyri-qanuni deportasiya etməkdə, hərbi cinayətlərdə ittiham edərək həbsə order verib. Meksika BCM-nin üzvüdür.