Azərbaycanın "Paris-2024" Yay Olimpiya Oyunlarında medal sıralamasındakı yekun mövqeyi bəlli olub.
"Unikal" xəbər verir ki, olimpiadada 7 medal qazanan ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Bununla da Azərbaycan medal əyarına görə Tokio olimpiadasındakı nəticəsini yaxşılaşdırıb. İdmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdular.
Qeyd edək ki, Azərbaycan "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub.
*** 16:21
Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçiləri çıxışlarını başa vurub.
"Unikal" xəbər verir ki, ümumilikdə 48 idmançımızdan 7-si aktivinə medal yazdırmağı bacarıb.
Azərbaycan hazırda medal sıralamasında 28-cidir.
Medal qazanmış idmançılarımızın siyahısını təqdim edirik:
Cüdo:
Hidayət Heydərov (73 kq) - qızıl
Zelim Kotsoyev (100 kq) - qızıl
Boks:
Alfonso Dominges (92 kq) - gümüş
Taekvondo:
Qaşım Maqomedov (58 kq) - gümüş
Yunan-Roma güləşi:
Həsrət Cəfərov (67 kq) - bürünc
Sərbəst güləş:
Giorgi Meşvildişvili (125 kq) - bürünc
Maqomedxan Maqomedov (97 kq) - bürünc