Dünyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Dubay Beynəlxalq Hava Limanı 2024-cü ilin ilk altı ayında 44.9 milyon sərnişinə xidmət göstərərək yeni rekorda imza atıb. Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8% daha çoxdur.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əmirliyin hava limanlarını idarə edən "Dubai Airports" şirkətinin press-relizində deyilir.
2024-cü ilin birinci yarısında Dubay Beynəlxalq Hava Limanı ən çox Hindistandan sərnişin qəbul edib - 6.1 milyon. Ondan sonra Səudiyyə Ərəbistanı və Böyük Britaniya gəlir - müvafiq olaraq 3.7 milyon və 2.9 milyon nəfər. "Dubai Airports" ən yüksək sərnişin axını təmin edən ölkələr kimi Pakistanı (2.3 milyon), ABŞ (1.7 milyon), Rusiya (1.3 milyon) və Almaniyanı (1.3 milyon) göstərib.
7.9 milyon sərnişinin hava limanının xidmətlərindən istifadə etdiyi ən gərgin rejimli iş üzrə ay yanvar ayı olub.