“Futbolçularımı təbrik edirəm. Məğlub olsaydıq belə, narazı qalmayacaqdım. Çünki oyundan həzz alırdım. Bakıda rəqibin gücünü görmüşdük. Bizə xoş olmayan oyun üslubu var idi. Bunun qarşısını almalı idik”.
"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Mütəxəssis ilk hissədə diqqətsizlik səbəbindən qollar buraxdıqlarını bildirib: “Lakin getdikcə vəziyyəti ələ aldıq. Matçdan əvvəl futbolçularla danışığımız olmuşdu ki, soyuqqanlı davranmaq, sona kimi oyunun içində qalmaq vacibdir. İlk dəqiqələrdə həyəcan var idi. Sonradan hər şey qaydasına düşdü. Oyunda öncə ümidsiz deyildim. Bakıdakı məğlubiyyətdən sonra demişdim ki, belə oyunları çox görmüşük. Gərgin matçlarda sonadək dözmüşük. Futbolçularıma “əhsən” düşür. Qələbə münasibətilə azarkeşlərimizi, xalqımızı təbrik edirəm”.
Q.Qurbanovun sözlərinə görə, bu cür oyunlar komandanı böyüdür: “Həm klub olaraq inkişaf edirik, həm daha xarakterli oluruq. Belə futbol daha çox sevilir. Xüsusilə, azarkeşlərdə adrenalin görəndə buna çox sevinirəm. Bu oyun sanki triller, bu komanda isə həqiqətən mənim, Azərbaycanın “Qarabağ”ı idi”.
O, pley-off mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qarşı keçirəcəkləri oyunlara da toxunub: “Hələlik rəqib haqqında məlumatım yoxdur. Çünki bütün fikrimiz bu qarşılaşmada idi. “Dinamo” mübarizəyə birbaşa pley-off mərhələsindən başlayır. Çox böyük təcrübəyə malik komandadır. Rəqibi daha yaxından tanımaq üçün vaxtımız olcaq. Mərhələlər keçildikcə, səni qarşıda daha ciddi komandalar gözləyir. Buna hazır olmalı, hazırkı matçın sevincini qısa zamanda yaddan çıxarmalıyıq. Təcrübəmiz var. Üçüncü dəfə Çempionlar Liqasının pley-off mərhələsində oynayırıq. Matça maksimum hazır olmağa çalışırıq. Zədəli futbolçularımızın olması bizə problem yarada bilər. Bu cür matçlarda rotasiyalar etmək çox vacibdir”.
Baş məşqçi hazırkı komandanın Çempionlar Liqasının qrup mərhələsində iştirakını çox istədiyini vurğulayıb: “Hamısı çox əziyyət çəkən futbolçulardır. Hamımız Çempionlar Liqasının əsas mərhələsində oynamaq istəyirik. Bu günə kimi çox böyük iş gördük. Azarkeşlərimizi sevindirmək istəyirik”.