AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Unikal" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın yeni mövsümünün II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Qarabağ”la oyunda 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” 700 manat cərimələnib. Gəncə təmsilçisinin üzvü Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, bu, klubu 500 manat xərcə salıb. Azarkeşlər tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz”ə xəbərdarlıq edilib.

“Araz-Naxçıvan” “Şamaxı” ilə matçda hesab tablosu işləmədiyinə görə 500 manat cərimələnib.

“Səbail”in 5 futbolçusunun “Neftçi” ilə görüşdə sarı vərəqə alması Bakı təmsilçisini 700 manat ziyana salıb. “Neftçi” qarşılaşma bitdikdən sonra stadionda azarkeşləri iğtişaş törətdiyinə görə 4000 manat ödəyəcək. Komandanın futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə edilib.

“Sumqayıt”la oyunda “Turan Tovuz”un 4 futbolçusunun sarı vərəqə alması bölgə təmsilçisinin 700 manat cərimələnməsinə səbəb olub.