“Zirə”nin Premyer Liqanın III turunda Araz-Naxçıvan"la keçirilməsi planlaşdırılan oyunu təxirə salınıb.
"Unikal" xəbər verir ki, Azərbaycanı UEFA Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək Bakı təmsilçisi bu barədə Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
Klub turnirin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədi ilə Premyer Liqanın 3-cü turu çərçivəsində keçiriləcək “Araz Naxçıvan” ilə oyunun təxirə salınmasını, “Şamaxı” ilə 4-cü tur çərçivəsində keçiriləcək səfər oyunu ilə 12-ci turda keçiriləcək ev oyununun yerinin dəyişdirilməsini xahiş edib.
Peşəkar Futbol Liqası “Zirə” klubunun müraciəti, “Araz Naxçıvan” və “Şamaxı” klublarının razılığı əsasında 2024/2025-ci illər futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq aşağıdakı dəyişikliklər barədə qərar qəbul edib.
Belə ki, III turun “Zirə” – “Araz Naxçıvan” oyunu təxirə salınacaq, komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun əvvəlcədən planlaşdırıldığı kimi oynanılacaq. Təxirə salınmış oyunla bağlı əlavə məlumat veriləcək.
2024/2025-ci illər mövsümünün təqvimində 4-cü turun “Şamaxı” – “Zirə” oyunu ilə 12-ci turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdiriləcək, komandaların əvəzediciləri arasında keçirilən oyun əvvəlcədən nəzərdə tutulmuş kimi keçiriləcək.