2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 67 saylı Sabirabad seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş tibb elmləri doktoru, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovun rayonunun Surra, Qaralı və Balvar kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
"Unikal" xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Vais Rüstəmov YAP-ın Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu deyib. O, partiyanın əldə etdiyi nailiyyətlərdən söz açaraq parlament seçkilərində YAP-ın qələbə qazanmasının ölkəmizin uğurlu gələcəyi naminə son dərəcə önəmli olduğunu bildirib.
Çıxış edən deputatlığa namizəd Əhliman Əmiraslanov dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsində müstəsna rol oynadığını deyib. Namizəd parlament seçkilərinin də YAP-ın qələbəsi ilə yekunlaşacağına əminliyini ifadə edərək deyib: “İnanırıq ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın YAP-a inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətininin birmənalı göstəricisi olacaq”.
Görüşdə çıxış edənlər Xanoğlan Əsgərov, Gülbala Azayev, Haqverdi Əliyev, Əfras Əsgərov, Rəsul Mövsümov və Mizəcan Xəlilov YAP-ın məqsədyönlü fəaliyyətindən, əldə edilən uğurlardan və gələcək hədəflərdən danışıblar, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Əhliman Əmiraslanov Surra kəndində şəhid məzarlarını ziyarət edib və namizədliyi irəli sürülmüş dairə ərazisinin ziyalıları və ağsaqqalar ilə də fərdi görüşlər keçirib.