Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi və Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə Bolnisi Gənclərinin I Yay Düşərgəsi keçirilib. Bolnisinin Tandzia kəndində təşkil edilən düşərgəyə rayonun 20 kəndindən 80-dək gənc və yeniyetmə qatılıb.
"Unikal" xəbər verir ki, açılış mərasimində mərkəzin icraçı direktoru Rezo Həsənov iştirakçıları salamlayıb və düşərgənin gələcək illərdə daha geniş tərkibdə təşkil olunacağı və ənənə halı alacağına əminliyini ifadə edib.
“Düşərgələrin uşaqların təlim-tərbiyəsi, səmərəli fəaliyyətə qoşulması baxımından əhəmiyyəti danılmazdır. Kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, bu isə öz növbəsində təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir”,- deyə Rezo Həsənov müsahibəsində qeyd edib.
Düşərgə iştirakçıları Tandzia kəndində yerləşən görkəmli ictimai xadim Sulxan-Saba Orbelianinin ev muzeyini ziyarət edib, orada sərgilənən tarixi eksponatlarla tanış olub, ətraf mühitin qorunması məqsədilə muzeyin ərazisində təmizlik aksiyası keçiriblər.
İştirakçılar müxtəlif mövzularda təqdimatlar hazırlayıb, milli musiqi və filmlərimizlə bağlı əyləncəli, intellektual oyunlar oynayıblar.