Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu olmaqla, ümumillikdə 351 hoteldə və 59 keytrinq xidməti ilə məşğul olan obyektdə qiymətləndirmə həyata keçirilib.
Aparılan qiymətləndirmə zamanı ümumillikdə 264 qida obyektində (231 hotel və 33 keytrinq xidməti) qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu faktı aşkar edilib ki, həmin nöqsanların aradan qaldırılması ilə bağlı müəssisələrin rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Aparılan tədbirlər nəticəsində hotel və keytrinq müəssisələri tərəfindən aşkarlanmış nöqsanların mühüm bir hissəsi aradan qaldırılsa da, onlardan 15 hotel və 14 keytrinq xidməti obyektində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı nöqsanların aradan qaldırılmadığı məlum olub.
AQTA tərəfindən nöqsan aşkar edilən hotellərlə bağlı məsələnin nəzarətə götürülməsi və səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib. Agentlik tərəfindən aparılan təkrar monitorinqlər zamanı ciddi uyğunsuzluq müəyyən edilmiş hotellər bunlardır: "Azcot" Hotel, "Da Vinci" Hotel Baku, "Green" Hotel, "Hotel My life" (Xudaferin), "Boulevard Rigs Boutique" Hotel (Riqs hotel), "Maestro" hotel, "Grand" Hotel Central Baku, "Nice Life" Hotel, "Astoria Baku" Hotel, "Ogguesto" Hotel, "Abşeron Marino", "Boutique" Hotel Baku, "Diamond" Hotel, "Manor" Hotel və "Very Well Baku"(Green Villa)
"Unikal"ın əməkdaşı adıçəkilən hotellərin nöqsanları aradan qaldırıb-qaldırmaması ilə bağlı araşdırma aparıb. Bunun üçün həmin hotellərlə əlaqə saxlayıb.
"Azcot" hotelin inzibatçısı Cəfər Cəfərli bildirib ki, onlara deyilən iradlar əsasən mətbəxlə bağlı olub və hazırda onun təmiri gedir. Onun sözlərinə görə, təmir sentyabr ayının ortalarında başa çatacaq və bundan sonra nöqsanların aradan qaldırıldığı ilə bağlı AQTA-ya məlumat veriləcək.
"Da Vinci" Hotel Baku-nun rəsmisi qeyd edib ki, nöqsanlar aradan qaldırılıb və foto çəkilərək aidiyyəti üzrə göndərilib.
"Maestro" hotel-dən söyləyiblər ki, onlar da bildirilən nöqsanları tam olaraq həll edərək AQTA-ya mail göndərilər.
"Grand" Hotel Central Baku-nun baş menecer Elnur Mehdiyev bildirib ki, onlar nöqsanları aradan qaldırıblar. O əlavə edib ki, istənilən vaxt gəlib yoxlama apara bilərlər.
"Nice Life" Otel-in rəhbəri Pərvin Nəbiyev qeyd edib ki, nöqsanları aradan qaldıraraq bu barədə AQTA-ya məlumat veriblər.
"Manor" Hotel-dən bildirilib ki, bəziləri aradan qaldırılıb, bəzilərinin aradan qaldırılması üçün işlər davam etdirilir.
"Boutique" Hotel Baku-nun mühasibi Şahlar Cəlilov bildirilən nöqsanların hamısı həll edilib.
Nöqsanlar aşkarlanan hotellərin bəzilərinin əlaqə nömrələrini tapa bilmədik, bəziləri isə zənglərimizə cavab vermədi. Maraqlısı odur ki, AQTA analoji yoxlamaları mütəmadi aparsa da, əksər hotellər xəbərdarlıqlara məhəl qoymur, ya da aşkarlanan uyğunsuzluqları aradan qaldırmadan vaxt udurlar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, həmin hotellərə rəsmi məktub göndərilib və vaxt verilib: "Həmin vaxt başa çatdıqdan sonra yoxlama keçiriləcək. Qoyulan vaxt ərzində nöqsanları aradan qaldırmadıqları halda onlarla bağlı inzibati cərimələrin tətbiqi nəzərdə tutulub", - deyə məlumatda vurğulanıb.
Anar Kəlbiyev