Koronavirusun yayılmasından sonra bütün dünya virusun təhlükələrinə qarşı dərhal ayıq-sayıq vəziyyətə düşüb. Bu dəfə qorxulu virusun ünvanı ABŞ-dir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Massaçusets ştatının bəzi bölgələrində ağcaqanadlardan insanlara keçən "şərq at ensefaliti" adlı virusuna qarşı müxtəlif tədbirlər görülüb.
Nadir və ölümcül xəstəlik kimi tanınan bu virusuna yoluxanların təxminən 30 faizi ölür. Massaçusets ştatının səhiyyə departamenti rəsmilərindən Robbi Qoldşteyn ağcaqanadların yaydığı "şərq at ensefaliti" virusu ilə bağlı mətbuata açıqlama verib. Qoldşteyn, virusun Bostonun qərbindəki Vorcester bölgəsində 80 yaşlarında bir insanda görüldüyünü təsdiqləyib.
Bunun bu il əyalətdə ilk hadisə olduğunu bildirən Qoldşteyn, virusun yayılmasının qarşısını almaq üçün tədbir gördüklərini ifadə edərək, hər kəsi xəstəliklə mübarizə üçün əllərindən gələni etməyə çağırıb.
Digər tərəfdən, səlahiyyətlilər ştatın 10 bölgəsinin "yüksək və ya kritik risk" altında olduğunu bildirib və Plimut bölgəsinin sakinlərini ağcaqanadların daha çox yayıldığı axşam və səhər arasında planlaşdırılan açıq hava fəaliyyətlərini nəzərdən keçirməyə çağırıb.
İnsanlara yoluxmuş ağcaqanadlar vasitəsilə keçən "şərq at ensefaliti" virusu nadir və ölümcül xəstəlik kimi tanınır. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına görə, bu xəstəliyə yoluxanların təxminən 30 faizi ölür, xəstəlikdən sağ çıxanlar isə bəzi nevroloji problemlərlə üzləşə bilər. Xəstəliyin simptomlarına yüksək hərarət, baş ağrısı, qusma, ishal və yuxululuq daxildir. Xəstəliyin hələ də müalicə üsulu yoxdur.
Gülayə Mecid