"Ölkə prezidentinə xalqdan gələn dəstək misilsizdir".

"Unikal" xəbər verir ki, bu sözləri bu gün Şəki şəhərində  "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfransda  Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib. 

Konfrans iştirakçılarını salamlayan Baş prokuror qeyd edib ki, 2024-cü il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycan Respublikasında keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaqdır.

Beynəlxalq ictimaiyyətin bu barədə yekdil qərarını verməsi dünyada Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

"Təbii ki, bu etimadın əsas səbəbkarı, bu tarixi nailiyyətin ərsəyə gəlməsi üçün yorulmadan çalışan möhtərəm cənab Prezident cənab İlham Əliyevə xalqımızdan gələn dəstək də misilsizdir" - deyə Baş prokuror əlavə edib.