Avqustun 31-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun üzvləri ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüş imkanının yaradıldığına görə təşəkkürünü bildirən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini, MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin missiyanın tərkibi və fəaliyyəti haqqında məlumat verib.
O, seçki prosesinin müşahidəsi çərçivəsində Azərbaycanda bir sıra görüşlər keçirdiklərini, Azərbaycanın seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və namizədlərin seçkilərdə iştirakı üçün yaradılmış şəraiti müsbət qiymətləndirdiklərini vurğulayıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov MDB PA müşahidəçilərinin təmsil etdikləri ölkələrin bir-biri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğunu bildirib, bu cür missiyaların təşkilata üzv ölkələr arasında seçki təcrübəsinin mübadiləsi baxımından önəmini qeyd edib.
YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu, 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin də azad, şəffaf və ədalətli keçirilməsi üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.
Tahir Budaqov bu seçkilərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra bütün ölkə ərazisində keçirilən ilk parlament seçkiləri olmasını xüsusi vurğulayaraq seçkilərə hazırlıq tədbirləri haqqında ətraflı məlumat verib, seçkilərlə bağlı fəaliyyətin partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli iclasında təsdiq etdiyi Tədbirlər Planı əsasında ölkənin seçki qanunvericiliyinə uyğun həyata keçirildiyini bildirib, missiya üzvlərinin suallarını cavablandırıb.