Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçi qəbul edib.
"Unikal" xəbər verir ki, Serbiyanın xarici işlər naziri Prezident Aleksandar Vuçiçin salamlarını dövlət başçısına çatdırıb.
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı uğurlar arzulayan Marko Curiç Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd edib.
Serbiyanın xarici işlər naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, ölkəmizin qlobal müstəvidə yeni tərəfdaşlıq şəbəkələri və münasibətləri qurduğunu vurğulayıb.
Prezident İlham Əliyev Aleksandar Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş edib.
Prezident Vuçiçlə həm Azərbaycanda, həm də Serbiyada görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı vurğulayıb ki, onun Serbiya Prezidenti ilə olan dostluq və tərəfdaşlıq əlaqələri ikitərəfli münasibətlərimizin inkişafına ciddi təkan verir.
Serbiyanın Azərbaycanın dostu və strateji tərəfdaşı olduğunu, ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin qurulduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, bunlar əməkdaşlığın bütün sahələrdə inkişafında özünü göstərir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda regional müstəvidə Balkan və Qafqaz regionları arasında əməkdaşlığın inkişafına təkan verilməsi baxımından çox vacib xarakter daşıyır.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz suverenliyinin və ərazi bütövlüyünün təmin olunması prosesində ikili standartlar, ədalətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə zidd yanaşmalarla üzləşib. Lakin, bütün bunlara baxmayaraq, Azərbaycan öz iradəsi ilə ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib.
Görüşdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın enerji resurslarının digər Avropa ölkələrinə, o cümlədən Balkan ölkələrinə ixracında Serbiyanın artıq tranzit rolunu oynadığı qeyd edilib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində prinsipial yanaşmaları bir daha vurğulanıb.
Söhbət zamanı əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb.