Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Cinayət Məcəlləsinin 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.1-ci maddələri ilə təqsirləndirilən şəxslər-  Elşən Hümbət oğlu Mustafayev və Zamin Sabir oğlu Əliyevin məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, cinayət işində Səhiyyə Nazirliyi zərərçəkmiş qismində taninib. İlk olaraq Zamin Əliyevin vəkili müvəkkilinin həkim işlədiyi dövrdə təltif edildiyi nişanlarla bağlı məhkəməyə sənəd təqdim edib. Sonra dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib. Məlum olub ki, baş həkim və müavini hər xəstədən ayda 5 manat məcburi pul yığıb.Elşən Mustafayev  özünü qismən təqsirli bildi, Zamin Əliyev isə özünü tamamilə təqsirsiz bildi. 
Məhkəmə prosesi oktyabr ayının 8-nə kimi təxirə salındı.

Xatırladaq ki, bu ilin mart ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

İstintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslərin qanunazidd əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilərək onlar cinayət başında yaxalanıb və aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb.

Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seymur Əli