Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin teleaparıcı İradə Zeynalovanı Rusiyanın Mavrikiy Respublikasındakı səfiri təyin edib.
"Unikal" xəbər verir ki, əslən azərbaycanlı olan İradə Zeynalova 20 fevral 1972-ci ildə Moskvada anadan olub.
O, azərbaycanlı Aftandil Isabala oğlu Zeynalovun və rusiyalı Galina Alekseevnanın böyük qızıdır.
İ.Zeynalova 1995-ci ildə Moskva Aviasiya Texnologiyaları İnstitutunu bitirib, 1997-ci ildə televiziyada fəaliyyətə başlayıb. Jurnalist RTR-də (indiki "Rossiya-1") "Vesti" proqramının redaktoru olub, 2000-2003-cü illərdə isə bu proqramın və onun son buraxılışı olan "Vesti Nedeli"nin müxbiri işləyib. 2003-cü ildən Birinci Kanalda fəaliyyətini davam etdirib. 2012-2016-cı illərdə Birinci Kanalda "Zaman" proqramının bazar buraxılışının aparıcısı, həmçinin Birinci Kanal ASC-nin Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri olub.
Jurnalist həmçinin NTV-də "Həftənin nəticələri" proqramının müəllifi və aparıcısı olub. Daha sonra eyni kanalın İnformasiya Direktorluğunun məlumat və əyləncə proqramları baş redaksiyasının bədii rəhbəri kimi çalışıb.
Fəaliyyətinə görə 27 noyabr 2006-cı ildə II dərəcəli “Vətənə xidmətə görə” medalı, 22 aprel 2014-cü ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin 2018-ci ildə Rusiyanın Qızıl Qələmi" mükafatları ilə təltif olunub.
Onun əmisi oğlu İsabala Musa Oğlu Zeynalov Sankt-Peterburq Dövlət Aqrar Universitetinin hüquq fakültəsinin keçmiş dekanıdır. 2017-ci ildə rüşvətxorluğa görə həbs edilib və 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1995-ci ildə ailə həyatı quran İ.Zeynalovanın birinci evliliyi 20 il çəkib. O, ikinci dəfə 2016-cı ildə Rusiya-1 telekanalının əməkdaşı, hərbi müxbir Alexander Evstigneevlə evlənib.
Jurnalist 24 iyun 2021-ci ildə "Putin rejiminin maraqları naminə təbliğat fəaliyyətinə" görə Ukraynanın sanksiya siyahısına daxil edilib.
Ağarza Elçinoğlu