Bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start veriləcək.

"Unikal" xəbər verir ki, maraqlı idman mübarizəsi vəd edən Bakı mərhələsində Formula 1 üzrə üçüncü sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışları keçiriləcək.

Azərbaycan Qran-Prisinin birinci günündə Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sərbəst yürüş və sıralanma yarışları təşkil olunub. Yarışlarda müvafiq olaraq, Maks Ferstappen (“Red Bull”), Şarl Lekler (“Ferrari"), Enzo Fittipaldi ("Van Amersfoort") və Riçard Versçor ("Trident") qalib olublar.

10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər.

Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.

Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.