Məlum olduğu kimi, ali təhsil ocaqlarının əksəriyyəti, çoxsaylı işçiləri olan müəssisələr və böyük qurumlar Bakıda cəmlənib. Ali təhsil müəssisələrində dərslər başlayanda paytaxtda olan tıxacın bir qədər artması müşahidə olunur. Universitetlərin və bəzi qurumların regionlara köçürülməsi həmişə müzakirə mövzusu olub. O cümlədən, paytaxtın köçürülməsi barədə də təkliflər səsləndirilib.
VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı "Unikal"a açıqlamasında bildirib ki, ali məktəblərin harasa köçürülməsi kiçik məsələ deyil.
Onun sözlərinə görə, insanların böyük əksəriyyəti planlarını Bakı üzərində qurublar və paytaxtda bu işi həyata keçirəmək istəyirlər:
"Bakı İstanbul kimi bir şəhər ola bilər. Böyük bir ərazini əhatə edən və insanların çox yaşadığı şəhər olar. Universitetlər də burada qalsın. Amma şəhərin yüngülləşməsi üçün bütövlükdə paytaxtın köçürülməsinə ehtiyac var. Paytaxtın köçürülməsi üçün fürsətlər qaçırıldı. Məncə, vaxtında bunu etmək daha doğru olardı".
F.Mustafa qeyd edib ki, paytaxtın köçürülməsi indi də aktuallığını saxlayır və bu qərarı gec verəndən sonra daha böyük məbləğə bunu həyata keçirməli olacağıq: "Ona görə də indidən bu mövzu ictimai müzakirədən keçirilib, qərar qəbul olunmalıdır. Çünki Bakıda hansısa yolu genişləndirmək, binaları sökmək, infrastrukturu dəyişmək çox mümkünsüz məsələdir. Ona görə də bu yolu düşünməliyik, gecikirik. İndiki vəziyyətdə tıxac məsələsi də həlli mümkün olmayan problem kimi qalacaq. Bu da iqtisadiyyatımıza və əhalinin əsəblərinə xeyli zərbə vuracaq. Ona görə bunu dərhal həll etməliyik".
Anar Kəlbiyev