Bakı Mühəndislik Universiteti (BMU) 2024-2025-ci tədris ilinə uğurlu göstəricilərlə start verib.

"Unikal" xəbər verir ki, son dövrdə universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, akademik heyətin tərkibinin gücləndirilməsi, tədris və elmi sahədə yeniliklərin tətbiqi, habelə məzunların məşğulluğunun təmin olunması üçün müəssisələrlə işin aktiv müstəviyə daşınması istiqamətində mühüm tədbirlər gerçəkləşdirilib. Bu işlərin davamı olaraq universitet laboratoriyalarında iş yenidən təşkil edilib, eyni zamanda bp şirkətinin dəstəyi ilə ali təhsil ocaqları içərisində ilk dəfə BMU-da Kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib.

Həyata keçirilən tədbirlər universitetə builki qəbulun nəticələrinə müsbət təsir göstərib. Universitetə bakalavriat səviyyəsində 36 ixtisas üzrə hər iki mərhələnin yekununa əsasən, ümumilikdə 2127 nəfər qəbul olub ki, bu da ötən illə müqayisədə iki dəfə artım deməkdir. Bundan başqa, universitetə qəbul olanların 265 nəfəri 500-dən yuxarı, 52 nəfəri isə 600-700 bal arasında nəticə göstərib. Universitetə ortalama qəbul balı isə 365 olub. 

Universitetdə bu ildən bakalavriat səviyyəsində yeni-biotexnologiya, fizika, kimya, riyaziyyat, nəqliyyat mühəndisliyi, qida mühəndisliyi və şərabçılıq  ixtisasları üzrə kadr hazırlığına başlanılıb. Vurğulamaq vacibdir ki, bu 7 ixtisasa qəbulun nəticələrində də yüksək göstəricilər qeydə alınıb.

Bu il BMU-nu seçən abituriyentlərin 50 faizi dövlət sifarişi əsasında oxuyacaq. Qəbul olanların 90 faizi əyani, 10 faizi isə qiyabi təhsil alacaq.

Yeni tədris ilindən BMU-da informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri ixtisaslarını özündə birləşdirən İnformasiya və kompüter texnologiyaları fakültəsi fəaliyyətə başlayıb. Fakültənin yaranması innovativ texnologiyalarla işləmək bacarığına malik, yeni sənaye inqilabının çağırışlarına uyğun  yüksəkixtisaslı mütəxəssislərin hazırlığının həyata keçirilməsinə mühüm töhfə verəcək.  Tədris Azərbaycan və ingilis dillərində aparılacaq fakültədə bu ildən etibarən 4 bakalavr, 2 magistr ixtisası üzrə ümumilikdə 1100-dən çox tələbə təhsil alacaq.

Müsbət məqamlardan biri də ondan ibarətdir ki, bu il BMU-nun 15-dən artıq məzunu dünyanın (ABŞ, Almaniya, Böyük Britaniya) nüfuzlu ali təhsil müəssisələrinin magistraturasına qəbul olub. 

Cari ildə universitetin beynəxalq nüfuzunun möhkəmlənməsi də diqqətdə saxlanılıb, BMU Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinə üzv qəbul edilib və Türk dünyasının tanınmış ali məktəbləri ilə əməkdaşlığın qurulması üçün yeni imkanlar qazanıb. Həmçinin bu il BMU “QS Avropa 2025” reytinq cədvəlində uğurlu nəticə əldə edib. Ötən illə müqayisədə Avropanın ən mötəbər reytinqində 60 pillə irəliləyərək 491-ci mövqeyə yüksəlib, Qərbi Asiya universitetləri arasında isə 34-cü yerdə qərarlaşıb.