Ermənistan tərəfi əgər sülh müqaviləsinin irəli aparılmasında ciddidirsə və bu məsələdə həqiqətən maraqlıdırsa, təkliflərə 70 gün ərzində cavab verilməsi özlüyündə müəyyən suallar doğurur. Yəni, sülh müqaviləsinin əksər bəndləri üzrə tərəflər arasında müəyyən razılıqlar vardır, amma hələ də aparılmalı olan işlər göz qarşısındadır. Bu, ilk növbədə, Ermənistanın Konstitusiyası ilə əlaqədar olan məsələlərdir.

"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

“Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarına tam şəkildə son qoyulmalıdır. Ermənistanın Konstitusiyasına dəyişikliyi məsələsi onun daxili işi sayılsa da, orada Azərbaycana qarşı ərazi iddialarının olması, təbii ki, Azərbaycanı narahat edən bir məqamdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Sülh müqavilələrinin hər hansı bir hökumətlə deyil, xalqla imzalandığını diqqətə çatdıran Azərbaycan Prezidentinin köməkçisi əlavə edib: “Bizim də gözləntimiz ondan ibarətdir ki, sülh müqaviləsinə nail olunması üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilməlidir. Erməni xalqı da nəhayət ki, öz mövqeyini bildirərək məlum Miatsum, yəni, Qarabağı Ermənistanla birləşdirmək kimi utopik iddialarına, bütün ərazi iddialarına, irtica siyasətinə son qoyulduğunu və Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusion əsasda ifadə etməlidir və ümumxalq referendumunda öz mövqeyini bildirməlidir. Hesab edirik ki, bundan sonra proses irəliyə doğru daha sürətlə gedə bilər”.