Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbirləri ilə həbs edilən dəstə üzvləri - Bahadır və İkram Quliyev qardaşları, əmisi oğlu Fərhad Quliyev və onların işlərini görmüş Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədovun cinayət işi üzrə məhkəməsi prosesi başlayıb.
"Unikal"ın məlumatına görə, dəstə üzvlərinin cinayət əməllərinin bəzi detalları məlum olub.
Aparılmış istintaqla müəyyən edilib ki, İkram Qasımov qardaşı Bahadır Qasımovla, tanışları Fərhad Qasımov, Anar Əhmədov və Cavid Əzizovla cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, Azərbaycandan xarici ölkəyə və xarici ölkədən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olmaları barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə giriblər.
Onlar öz aralarında vəzifə bölgüsü aparmaqla sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Bahadır Qasımov mütəşəkkil dəstəyə rəhbərlik edib.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesabına paytaxtın Yasamal rayonu, Tbilisi prospekti ev 49 ünvanında, eləcə də Türkiyənin İstanbul və BƏƏ-nin Dubay şəhərlərində ofislər açıb, qanunsuz pul köçürmə sisteminin fəaliyyəti ilə məşğul olublar.
Bahadır bütün bunlara nəzarəti etməyi qardaşı İkram Qasımova həvalə edib. Dəstənin digər üzvü Fərhad Qasımov Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ev 49 ünvanında fəaliyyət göstərən ofisdə mühasib qismində şəxslərdən qanunsuz köçürülən pul vəsaitlərini qəbul edən və onlara pul vəsaitlərini ödəməklə bağlı vəzifələri icra edən Cavid Əzizov və Anar Əhmədovun fəaliyyətinə nəzarət edib.
O, eləcə də dəstənin Türkiyənin İstanbul şəhəri və BƏƏ-nin Dubay şəhərlərindəki üzvləri olan şəxslərlə əlaqəni təşkil etməklə qanunsuz pul köçürülməsi ilə bağlı həmin şəxslərə sifariş vermək və onlardan sifariş almaq kimi vəzifələri icra edib.
Cinayətkar plana uyğun olaraq dəstə üzvləri Anar Əhmədov və Cavid Əzizov 1 yanvar 2015-ci il tarixdən 3 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində Bahadır Qasımovun rəhbərliyi, İkram Qasımovun idarəçiliyi və Fərhad Qasımovun nəzarəti altında paytaxtın Yasamal rayonundakı ofisdə xarici ölkələrə respublika ərazisindən və ya xarici ölkələrdən respublika ərazisinə qanunsuz pul köçürülməsini həyata keçirib.
Bu üsulla qeyd edilən dövr ərzində Əsgərov Cümşüd Kəmaləddin oğlunun həmin dövrün məzənnəsi ilə 153 min manat təşkil edən 90000 ABŞ dollarını, İxtiyar Hadıyevin həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dollarını, Rauf Qəribovun həmin dövrün məzənnəsi ilə 6800 manat təşkil edən 4000 ABŞ dollarını, Hafiz Həsənlinin həmin dövrün məzənnəsi ilə 74290 manat təşkil edən 43700 ABŞ dollarını Birləşmiş Ərəb Əmirliyindən, Azad Abbasovun həmin dövrün məzənnəsi ilə 59500 manat təşkil edən 35000 ABŞ dollarını, Nailə Kərimovanın həmin dövrün məzənnəsi ilə 85000 manat təşkil edən 50000 ABŞ dollarını, Nizami Hüseynovun həmin dövrün məzənnəsi ilə 240609 manat təşkil edən 141535 ABŞ dollarını Türkiyədən, Balaǝmi Zəkiyevin həmin dövrün məzənnəsi ilə 170 min manat təşkil edən 100 min ABŞ dollarını, Samir Nuriyevin həmin dövrün məzənnəsi ilə 11947 manat təşkil edən 7028 ABŞ dollarını, Anar Əbilovun həmin dövrün məzənnəsi ilə 64 min 600 manat təşkil edən 38 min ABŞ dollarını, Ruslan Fərəcovun həmin dövrün məzənnəsi ilə 136 min manat təşkil edən 80 min ABŞ dollarını, Nizami Hüseynovun həmin dövrün məzənnəsi ilə 17 min manat təşkil edən 10 min ABŞ dollarını Rusiyadan, Məcnun Rəhmanlının həmin dövrün məzənnəsi ilə 42 min 500 manat təşkil edən 25 min ABŞ dollarını İndoneziyadan Azərbaycana, eləcə də Mübariz Qasımovun həmin dövrün məzənnəsi ilə 6 min 715 manat təşkil edən 3 min 950 ABŞ dollarını, Pərviz Cəfərovun həmin dövrün məzənnəsi ilə 124 min 100 manat təşkil edən 73 min ABŞ dollarını, Samir Kərimovun həmin dövrün məzənnəsi ilə 674 min manat təşkil edən 39 min 704 ABŞ dollarını, İlham Səfərovun həmin dövrün məzənnəsi ilə 34 min manat təşkil edən 20 min ABŞ dollarını, Hafiz Həsənlinin həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dollarını, Azad Abbasovun həmin dövrün məzənnəsi ilə 2832 manat təşkil edən 1666 ABŞ dollarını, Vəfadar Nəbiyevin 9700 manatını, Murad Muradlının həmin dövrün məzənnəsi ilə 124409 manat təşkil edən 73 min 182 ABŞ dollarını Türkiyəyə, Ahmed Salim Johnun həmin dövrün məzənnəsi ilə 64 min 243 manat təşkil edən 37 min 790 ABŞ dollarını, Rauf Həsənovun həmin dövrün məzənnəsi ilə 77 min 418 manat təşkil edən 45 min 540 ABŞ dollarını Birləşmiş Ərəb Əmirliyinə qanunsuz olaraq mütəşəkkil dəstə halında Azərbaycandan xarici ölkələrə və xarici ölkələrdən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olublar.
Bundan başqa İkram Qasımov tamah niyyəti ilə xüsusilə külli miqdarda zərgərlik məmulatlarını qaçaqmalçılıqla, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli yolla keçirmə barədə tanışları Vəli Əliyev və şəxsiyyəti istintaq yolu ilə araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib.
Bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Vəli Əliyev Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində olan Avstriya, İsveçrə və Belçika dövlətlərində istehsal edilmiş ümumilikdə orta bazar qiyməti 853 min 771 manat təşkil edən qızıl külçələri qrupun rəhbəri İkram Qasımova təhvil verib.
İttiham aktında o da göstərilib ki, İkram Qasımov xarici ölkələrdə istehsal olunmuş və təyinatı üzrə istifadəyə və atəş üçün yararlı olan silahları ölkə xaricindən gətirərək paytaxtın Yasamal rayonundakı fərdi yaşayış evində saxlayıb.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində onun bağ evindən 2380000 manat təşkil edən 1400000 ABŞ dolları məbləğində pul vəsaiti və silahlar aşkar edilərək götürülüb.
İkram Qasımova qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.3.2, 206-1.3 və 228.1-ci maddələri, Bahadır Qasımova 192.3.2, 193-1.3.1, 193-1.3.2 vǝ 206-1.3-cü maddələri ilə, Fərhad Qasımova 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə, Cavid Əzizova 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə, Anar Əhmədova 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə, Vəli Əliyevə qarşı isə 206.3.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə araşdırılır.
Seymur Əli