Hər il ötən il Bakıda sıxlığın artdığı müşahidə olunur. Məlum olduğu kimi, universitetlərin, dövlət qurumlarının böyük əksəriyyəti paytaxta yerləşir. Müxtəlif vaxtlarda universitetlərin, dövlət qurumlarının başqa şəhər və rayonlarda olması təklifi ilə yanaşı paytaxtın köçürülməsi məsələsi də qaldırılıb.
Bəs görəsən, paytaxt Qarabağa və ya başqa bir əraziyə köçürülə bilərmi?
Keçmiş deputat Tahir Kərimli "Unikal"a açıqlamasında bildirib ki, müstəqilliyin ilk illərindən paytaxtın Bakıdan köçürülməsi məsələsi müzakirə olunurdu. Onun sözlərinə görə, zaman-zaman köçürülmə ilə bağlı təkliflər var idi:
"Paytaxtın Yevlaxa, Gəncəyə və s. əraziyə köçürülməsi təklifləri olub. Qarabağa köçürülməsi məsələsinə gəldikdə, təcrübəyə baxsaq, məsələn, paytaxtın Sankt-Peterburqdan Moskvaya, İstanbuldan Ankaraya və digərlərinin sərhəddən daha dərinə köçürülməsi olub. Yəni, paytaxt ölkənin dərinliklərində olsun ki, düşmən üçün əlçatan olmasın. Xankəndi istiqamətinə köçürülməsi hesab edirəm ki, paytaxtın düşmənə yaxınlaşdırılması olardı ki, bu, uyğun olmaz. Paytaxtın köçürülməsi böyük xərc tələb edir. Düşünürəm ki, Bakıda deyil, başqa ərazilərdə yerləşə biləcək universitetlərin, dövlət qurumlarının paytaxtdan kənara köçürülməsi ilə məşğul olsaq, yaxşı olardı. Elə universitetlər var ki, paytaxta olması lazım deyil. Başqa dövlətlərdə böyük təcrübə var. Onlar şəhərlərin kənarında iri kampuslar yaradırlar. Ali məktəblərin yataqxanalarını və digər infrastrukturunu orada qururlar".
Eks-deputat qeyd edib ki, Bakıda zavodların sayı azalsa da, hələ fəaliyyətdə olanlar var: "Bunlar həm şəhərin ekologiyasına ziyandı, həm də narahatlıq törədir. Onların kənara köçürülməsi yaxşı olardı. Bu məsələ vaxtında həllini tapsa idi, Bakı və Abşeronda bu qədər tikinti olmasına ehtiyac qalmazdı. Paytaxt hədsiz dərəcədə tikinti bumu yaşayıb. Hamı qazanc əldə etmək üçün Bakıya gəlir. Bakının yükünün azaldılması məsələləri sistemli dövlət proqramları əsasında müzakirə olunmalıdır. Həmin halda bir işə nail olmaq olar. Həmçinin, Ələt istiqamətində, Bakıya uzaq olmayan daha yaxın məsafədə yeni və çox baha başa gəlməyən paytaxt yaratmaq mümkündür".
Anar Kəlbiyev