"Təəssüf ki, Azərbaycanda əhalinin kütləvi üz tutduğu istehlak kreditlərinin həcmi durmadan artır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artaraq 8 milyard manata çatıb:
"Bu həm də Azərbaycandan böyük pulların çıxması deməkdir. İstehsalı daxili təlabatı ödəyə bilməyən ölkələrdə istehlak krediti ölkədən çıxan pullara çevrilir. Səkkiz milyard ölkəmizin ümumi kredit porfelinin təxminən 1/3 hissəsidir. Biznes kreditlərinin isə 60%-nə bərabərdir. Bu hədsiz mənfi xarakterizə ediləcək göstəricidir. Məsələn, “kredit fəlsəfəsi”nin oylağı olan ABŞ-də verilən ümumi kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları istehlak kreditləridir ki, bu da ümumi kreditlərin 14%-i deməkdir. Hələ nəzərə alsaq ki, ABŞ-da xərclənən istehlak kreditlərinin çox böyük hissəsi ölkənin daxilində qalır. Əhali əsasən öz ölkəsində istehsal edilən telefonu, kompüteri və digər malları alır. Bu da daxildə sahibkarlığı və istehsalı inkişaf etdirir. Amma Azərbaycan bu məhsulların hamısını xaricdən aldığı üçün istehlak kreditlərinə yönələn 8 milyard manatın böyük hissəsi bu məhsulları aldığımız ölkələrə axıb gedir".
İqtisadçı qeyd edib ki, bu prosesdə malını bizə satan ölkələr, istehlak krediti verən banklar və bu malları ölkəmizə gətirib ticarəti quran subyektlər qazanır:
"Bəs uduzan kimdir? Uduzan insanlar - istehlakçılardır. Onları kimsə buna məcbur etmir. Amma onlar bir-birilə bəhsə getməklə özləri özlərini buna məcbur edirlər. Babamız, atamız piyada gəzib, özümüz bahalı maşın istəyirik. Nənəmiz, anamız 10-15 nəfərin istifadə etdiyi qabları soyuq suda yuyub, amma özümüz 2 nəfərin boşqabını isti suda yumaq istəmirik ki, qabyuyan maşın olmalıdır. Atamız bir topla, maksimum bir velosiped almaqla bizi xoşbəxt etdiyi halda, biz uşaqlarımızı smartfonlarla, smart nələrləsə xoşbəxt etməyə çalışırıq. Nəticədə süfrəmiz üçün, uşaqlarımızın qidası və təhsili üçün xərclənməli olduğumuz pulları görüntü naminə mənasız əmtəələrə xərcləyirik. Xaricdə istehsalını qurmağı bacarmış ağıllı insanlar isə bu pulları bizdən alıb öz uşaqlarının təhsilinə xərcləyir. Sonra onların uşaqları da, bizim uşaqlarımızın uşaqlarının pulunu öz uşaqlarına xərcləyəcəklər. Buna görə də bu gün ilk növbədə istehlak kreditlərinin verilmə şərtinə yenidən baxılmalı və sərtləşdirilməlidir. Amma bu kifayət deyil, insanlar da bir sual ətrafında yaxşı-yaxşı düşünməlidir: Əzab-əziyyətlə qazanılan pul əslində hara xərclənəndə daha faydalı olur?"