Ağdam Muğam Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Qarabağ Regional Təhsil İdarəsinin Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov, rayonun ümumtəhsil, məktəbəqədər təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin rəhbərləri, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkəmizdə müəllimlər gününün 1993-cü ildən qeyd edilməyə başlanmasından, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müəllim əməyini yüksək qiymətləndirməsindən, dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərin uğurla yerinə yetirilməsindən bəhs etmişlər.

Tədbirin gedişində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir.

Sonda bir qrup təhsil işçisi Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılmışdır.