Viktor Ambros və Qari Ruvkun 2024-cü ildə mikroRNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna görə Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazanıblar.
"Unikal" xəbər verir ki, bu barədə Nobel Komitəsinin nümayəndələri Stokholmda keçirilən mərasimdə məlumat veriblər.
Orqan və toxumalarımız hər biri DNT-də saxlanılan eyni genetik məlumatı ehtiva edən çoxlu müxtəlif növ hüceyrələrdən ibarətdir. Bu hüceyrələr gen fəaliyyətinin tənzimlənməsi yolu ilə unikal zülal dəstləri istehsal edir. Bu, məsələn, əzələ hüceyrələrinə, bağırsaq hüceyrələrinə və müxtəlif növ sinir hüceyrələrinə öz xüsusi funksiyalarını yerinə yetirməyə imkan verir. Buna görə də gen fəaliyyətinin tənzimlənməsinin öyrənilməsi bir çox onilliklər ərzində mühüm vəzifə olmuşdur.
Ambros və Ruvkunun əsas kəşfi bütün mürəkkəb həyat formaları üçün vacib olan gen tənzimlənməsinin yeni ölçüsünü ortaya qoyub.
2023-cü il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı biokimyaçılar Katalin Kariko və Drew Weissmana COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nukleozid bazası modifikasiyası ilə bağlı kəşflərinə görə verilib. İki Nobel mükafatçısının kəşfləri 2020-ci ilin əvvəlində başlayan pandemiya zamanı COVID-19-a qarşı effektiv mRNT peyvəndinin inkişafı üçün çox vacib idi.
Gülayə Mecid