İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87.7 milyon manat artırılaraq 1 milyard 68 milyona manata çatdırılıb. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87 milyon 700 min manatın ayrılması ilə mümkün olacaq.
"Unikal" xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov dövlət başçısının hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzaladığını bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur:
"Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərin portfelini genişləndirir. Bu, daha çox vətəndaşımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir. İndiyədək fond tərəfindən 51 min 778 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 249 milyon manatdan çoxdur".