Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdədir.

"Unikal" xəbər verir ki, oktyabrın 10-da Milli Məclisin sədri Sahibə Qafarova və Konfransda iştirak edən digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüblər.

Qonaqları salamlayan Tacikistan Prezidenti bu beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bildirib. O, Konstitusiyanın qəbulunun Tacikistanın inkişafında, o cümlədən ölkədə parlamentarizm ənənələrinin möhkəmlənməsində rolu haqqında danışıb. O, Konstitusiyanın qəbulunu ölkədə siyasi islahatların və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda ilk və davamlı addımlardan biri kimi qiymətləndirib.

Emoməli Rəhmon, həmçinin ölkələr arasında əməkdaşlığın mühüm aspektləri, o cümlədən mədəni və tarixi oxşarlığa əsaslanan humanitar əlaqələr haqqında fikirlərini bildirib, ölkələrimizin qanunvericilik orqanlarının bu prosesin konstruktiv inkişafına ciddi töhfələr verə biləcəyini vurğulayıb.

Söhbət zamanı parlamentlərin beynəlxalq və regional parlamentlərarası strukturlar çərçivəsində əməkdaşlığına da diqqət yetirilib.