Tallində Estoniya komandasının 3:1 hesablı qələbəsindən sonra Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş oyun haqqında danışıb.
"Unikal" xəbər verir ki, portuqaliyalı mütəxəsisis AFFA və "Azərlotereya"nın təşkilatçılığı ilə Estoniyaya ezam olunmuş azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb: "Komanda yaxşı başladı oyuna, ilk 35 dəqiqə kompakt oynadıq. Heç şans qazanmadılar. Amma qol buraxdıqdan sonra vəziyyət dəyişdi. Fasilədə də dedim ki, ilk 35 dəqiqədə olduğu kimi oynamalıyıq. Rəqib ağıllı oynadı, bizə imkan vermədi ki, öz oyunumuzu oynayaq. Şanslarımız oldu, amma yararlana bilmədik. Rəqib komanda bizə meydanda yer buraxmadı. 3-4-3 sxemi ilə başladıq, ilk 35 dəqiqədə yaxşı oynadıq. Ək-hücumda qol vurdular. Bizim 4-5 real şansımız oldu. Əsas problemimiz müdafiədədir. 3 oyunda 8 qol buraxmışıq. Biz öz işimizi davam etdirməliyik. Bu problemlərin üzərində işləməliyik. Taktikanı dəyişmək fikrimiz yoxdur. Hücum futbolu oynamaq istəyirik. Yarımmüdafiədə 4 futbolçu ilə oynayırıq. Bədavi Hüseynov kapitanımız idi, amma o azərbaycanca yaxşı danışa bilmir. Ona görə Abbas Hüseynovu kapitan seçdik".