Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Vüsal Əlizadənin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən mənzilinin ipoteka yüklü olub-olmaması ilə bağlı banka verilən sorğunun cavabı elan olunub.
Hakim Fikrət Əliyev bildirib ki, məhkəmənin sorğusuna cavab verən bank bidirib ki, bankın mənzilə qarşı heç bir iddiası yoxdur və iddiadan imtina olunması bağlı Laçın Rayon Məhkəməsinə ərizədə göndərilib.
Daha sonra Vüsal Əlizadənin vəkili Əhməd Fərhadovun mənzilin üzərindən həbsin götürülməsi və əmlakın dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi üçün satılması barədə vəsatəti müzakirə edilib.
Müzakirələrdən sonra vəsatət təmin olunub. Qərarda göstərilib ki, mənzilin üzərinə qoyulmuş həbs götürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin iştirakı ilə əmlakın satılması, əldə olunan vəsait dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi üçün dövlət depozit hesabına köçürülməsi barədə qərar qəbul edilib.
Daha sonra Cəlala Kazımovun vəkili Əli Adıgözəlov Hövsanda müvəkkilinin həyat yoldaşının adına olan evin üzərindən həbsin götürülməsini xahis edib: “Nüşabə Kazımovanın adına olan mənzilin üzərindən həbss götürüldükdən sonra satıb Cəlal Kazımovun dövlət büdcəsinə vurduğu ziyandan ödəmək istəyirik”.
Daha sonra digər təqsirləndirilən Bayram Bayramov ifadəsinə əlavələr olduğunu bildirib. Hakimlər ona əlavə ifadə verməsi üçün şərait yaradıb. O, yeni ifadəsində göstərib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən 2022-ci ilin fevral ayında başladılan məlum cinayət işinin istintaqı zamanı verdiyi ifadəsinə bəzi əlavələr etmək istəyir: “Bildirmək istəyirəm ki, 2018-ci ilin fevral ayından 2019-cu ilin noyabr ayınadək olun müddətdə “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində xidmət etmişəm. Xidmət etdiyim müddət ərzində, yəni 2018-ci ildə 270482 manat, 2019-cu ildə isə 253702 manat vəsait kənarlaşdırılıb. Maliyyə Nazirliyinin yoxlaması aktında bu məbləğlərdən əlavə 24 min manat qanuni ödənilən məbləğ kənarlaşdırılan məbləğ kimi göstərilib ki, buda mümkün olmayandır. Həmin dövrdə bu məbləğin mənimsənilmədiyini 2019-cu ildə maliyyə fəaliyyətimizi yoxlamış Süleyman Abbasov da öz ifadələrin də təsdiq edibdir”.
Bayram Bayramov deyib ki, 2019-cu ilin noyabr ayından 2021-ci ilin oktyabr ayınadək digər hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində işləyib və həmin dövrdə 3787341 manat vəsait kənarlaşdırılıb: “Bundan əlavə Maliyyə Nazirliyinin yoxlama aktında 719328 manat qanuni ödənilən məbləğ kənarlaşdırılan məbləğ kimi göstərilib ki, bu da mümkün deyil. Bu məbləğin kənarlaşdırılmadığını əvvəlki ifadələrində qeyd etmişəm. Bunu həmçinin maliyyələşmə şöbəsinin rəisi Sadıq Sadıqov və maliyyə hissə rəisi Elmin Bəyəndikli da məhkəmədə verdiyi ifadəsində təsdiqləyiblər. Hərbi hissədə kənarlaşdırılan məbləğin bölgüsünə əsasən xüsusi tapşırıq adı altında 1 milyon 558 manat ödəniş edilib”.
Bayram Bayramov əlavə edib ki, hərbi hissə komandirinin yeməkxana xərcləri, hərbi hissəyə gələn qonaqların və hərbi hissənin digər xərclərinin ödənilməsi üçün hər ay 2 min manat olmaqla Beyləqan rayonunda yerləşən “Real market” ərzaq mağazası və “Zirvə” hədiyyələr və dəftərxana ləvazimatları mağazasına 24 ay ərzində 48 min manat vəsait ödənilib. Onun ifadəsinə görə, mağazadan məhsulları sürücülər, aşbazlar və mühasib Rüfət Quliyev götürürdü. Vəsait açılanda pulu lazımi mağazalara çatdırmaq üçün Rüfət Quliyevə mən vermişəm. Bundan əlavə Beyləqanda yaşayan və kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Hamlet Allahverdiyevə 24 ay ərzində hər ay 5 min manat olmaqla ümumilikdə 120 min manat ödəmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ilin fevral, mart, aprel aylarında hərbi hissə komandiri olmuş polkovnik Xalid Məmmədovun xərclərinə hər ay 6 min manat olmaqla ümumilikdə 18 min manat verilib.
Bayram Bayramov deyib ki, 2018-ci ilin may ayından 2019-cu ilin oktyabr ayıda daxil olmaqla hərbi hissə komandiri olmuş polkovnik Rəşad Salmanovun xərclərinə hər ay ən azı 6 min manat olmaqla 18 ayda cəmi 108 min manat verilib. Onun sözlərinə görə, 2019-cu ilin noyabrından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə Hamlet adlı şəxsi tanıyıb: “Bu dövrdə Hamlet adlı şəxsə çatası pulu hər ay köməkçiyə vermişəm. Çünki Hamleti o, tanıyırdı. 2020-ci ilin sentyabr ayından sonra isə bu vəsaitləri Hamlet adlı şəxsə özüm ödəmişəm.
Bayram Bayramov bildirib ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayınadək Gəncə şəhərindəki hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində xidmət edib: “Bu müddət ərzində kənarlaşdırılan 33 min manatın 25 min manatı hərbi hissənin ərazisinə asfalt döşənməsinə və ilin yekunlarına görə seçilmiş hərbi qulluqçulara veriləcək hədiyyələrin alınmasına sərf etmişəm. Bunu hərbi hissənin mənzil istismar xidməti rəisi, onun köməkçisi və tərbiyəvi iş üzrə bölmənin zabitləri təsdiq edə bilər. Bildirmək istəyirəm ki, hərbi hissəyə abadlaşdırma aparmaq üçün vəsait ayrılmayıb”.
Bayram Bayramov ifadəsinin sonunda adını çəkdiyi şəxslərin məhkəmədə əlavə şahid qismində dindirilməsinin vacib olduğunu deyib. O, əvvəlcə ifadəsində qeyd etdiyi məbləğlərin ona verilən ittihamdan çıxarılmasına köməklik göstərilməsini hakimlərdən xahiş edib. Bayram Bayramov vəsatətində bir neçə yüksək rütbəli zabit, o cümlədən alış-veriş etdiyi mağaza sahiblərinin dindirilməsini istəyib. Dövlət ittihamçısı vəsatətlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Hakimlər dövlət ittihamçısının istəyini nəzərə alaraq ona vaxt veriblər.
Məhkəmənin növbəti iclası oktyabrın 25-nə kimi təxirə salınıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli