Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Yadigar Bilalovun məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, şahid Minarə Bilalova ifadə verib: "Yadigar Bilalovu 8 ildir alver edən bir şəxs kimi tanıyıram. Mən qızıl alveri ilə məşğulam. Gəlib məndən mal götürüb, dediyi vaxtda da gətirib verib. Ümumi dövriyyəmiz 200 mindən çox olub. Mən eşidəndə ki, tutulub, ağladım."
Digər şahid Elman Hüseynov Yadigarı 1 dəfə gördüyünü bildirdi: "Mən Baki-Bərdə sürücü işləyirəm. Xuraman xanım mənə qızıl üzük verdi, mən də gətirib Bakıda Yadigara çatdırdım".
İbtidai istintaqa ifadəsində isə Yadigara 3 dəfə qızıl gətirdiyi məlum oldu.
Cinayət işində 2 nəfər- İbrahimov İlqar David oğlu və Məmmədova Xuraman Mədət qızı tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci şəxsə isə 40 min manat dələduzluq edib. Məlum olub ki, Yadigar Bilalov Moskva Univermağında qızılın alışı-satışı ilə məşğul olub. Dələduzluq etdiyi şəxslərdə elə qızıl alverçiləri olub.
Seymur Əli