"Bu gün rayonlarda torpaqlar bir neçə kateqoriyaya bölünüb. Bu sahələrdən istifadə etmək üçün vətəndaşlar müvafiq qanunlara uyğun olaraq buna yanaşmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlara dəyişikliyin müzakirəsi zamanı deputat Asif Əsgərov deyib. Deputat bildirib ki, vətəndaş üçün pay torpağı ayrılır, öz ərazisində hər hansı iş görmək üçün bir ağac var ki, onu götürmək vacib olur:
"Çünki suvarma və ya əkin sahəsinin mərkəzinə düşür. Amma burada ciddi problem yaranır. Bu həm rayonlarda, həm də şəhərdə olur. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı işləyəndə bir həyətin abadlaşdırılması işlərini aparırdıq. Orada yolun ortasında ağac əyilmişdi. Kiçik minik avtomobillərindən başqa digər nəqliyyat vasitələri oradan keçə bilmirdi. Ora abadlaşdıran zaman bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Fikir ondan ibarət oldu ki, kökdə inkişaf var. Bunu anlayırıq. Əsaslandırdıq ki, bunun yerinə 100 dənə ağac əkməyə hazırıq. Yaşıllıqlar qorunmalı və ciddi surətdə nəzarət olunmalıdır. Amma elə hallar var ki, vətəndaşlar arasında narazılıq yaradır".
Anar Kəlbiyev