23 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilmiş və "Xəzər TV" kanalının efirində 22 oktyabr 2024-cü il tarixdə, saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsi ilə bağlı hal müzakirə olunmuşdur.
"Unikal"ın məlumatına görə, müzakirə zamanı qeyd olunmuşdur ki, serialın yayımı zamanı (saat 22.32-də) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulmuşdur. "Xəzər TV" kanalının efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişlər.