“COP29 zamanı fors-major hadisələrə qarşı hər zaman hazırlıqlı olmaq üçün tədbirlər planımız mövcuddur. Tədbir zamanı istənilən gözlənilməz vəziyyətə operativ reaksiya vermək və qonaqlarımıza tam təhlükəsiz mühit yaratmaq üçün təbii ki, daim hazır vəziyyətdə olmalıyıq. Qonaqlarımıza ən yüksək səviyyədə xidmət və təhlükəsizlik təmin etmək məqsədilə müvafiq qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstəririk”.

"Unikal" xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən “COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkili”nə dair brifinqdə söyləyib.

V.Qurbanov vurğulayıb ki, COP29 konfransına hazırlıq prosesi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir: “Bu beynəlxalq tədbir zamanı ən yüksək təşkilatçılıq standartlarına riayət etmək, bütün qüvvələri səfərbər etmək və hər bir detalı nəzərə almaq üçün böyük hazırlıqlar həyata keçiririk. Bu dövrün beynəlxalq tədbir olmasının məsuliyyətini dərk edərək, qonaqların təhlükəsizliyini və sağlamlığını qorumaq əsas hədəfimizdir”.

“COP29 konfransının ölkəmizdə uğurla keçirilməsi üçün hər kəsin fədakarcasına çalışması bu günlərdə böyük önəm daşıyır. Ölkəmizin təşkilatçılıq bacarıqlarını və qonaqpərvərliyini bir daha sübut edəcəyimizə inanıram”, - deyə Vüqar Qurbanov əlavə edib.