Daxili İşlər Nazirliyinin "Qarabağ" ordenli şəhid baş leytenantı Kamran Kazımovun şərəfli həyat yolu
2020-ci il oktyabrın 5-dən 6-na keçən gecə idi...
Səhərə qədər küləklə yağış bir-biri ilə qovğa aparmış, gah külək güclənmiş, gah da yağış şiddətlənmişdi. Amma sonda yağış üstün gəlmişdi, yerə elə leysan tökülmüşdü ki, hər yanı su basmışdı. Həmin gecə onsuz da neçə gündür ki, döyüşdə olan Kamrandan xəbər ala bilməməyin nigarançılığı, narahatçılığı içərisində olan və səhərləri dirigözlü açan Kazımovlar ailəsinin üzərinə havanın qaramatı də bir yandan çökmüşdü.
Kamranın 7 yaşlı qızı Aydanın sübh tezdən ağlamsınaraq babasına "Qağa, indi yəqin atam da bu yağışda islanıb, üşüyür hə?!.", sualını ünvanlaması isə onların ürəklərinə çalın-çarpaz dağ çəkmiş, cəmi bir neçə saatdan sonra Daxili İşlər Nazirliyi Daxili Qoşunların baş leytenantı Kamran Kazımovun qara xəbərini almaları ilə bütöv ailə tabloları çilik-çilik olub dağılmışdı...
Kazımovlar ailəsi bir andaca oğulsuz, ömür-gün yoldaşsız, atasız, qardaşsız - Kamransız qalmışdılar...
O "ağlar" gecədə hələ ana bətnində olan iki aylıq körpənin taleyinə daha amansız, daha ağrı-acılı qismət yazılmışdı...
Yeddi aydan sonra o körpə dünyaya gələndə atası yanında olmayacaq, onu bağrına basmayacaq, gül ətrini ciyərlərinə çəkməyəcəkdi... O, günlərini İkinci Fəxri xiyabanda keçirib böyüyəcək, ilk addımlarını da elə orada atacaqdı... Dili söz tutar tutmaz "ata, ay ata", - deyə çağırıb "hay" almaq istəyəcəkdi, körpə yanağını soyuq məzar daşına söykəyib isti ata həniri axtaracaqdı...
Lakin...
Murovdağın qəhrəmanı
2020-ci il sentyabrın 27-dən - Vətən müharibəsinin elə ilk günündən baş leytenant Kamran Kazımovun qəhrəmanlıqla dolu döyüş yolu başlamışdı. Savaşdan bir gün əvvəl evlərinə zəng vurub həyat yoldaşını, azyaşlı övladlarını, anasını, qardaş-bacısını atasına, atasını isə Allaha əmanət edən cəsur komandir döyüşlərə atılmışdı. Murovdağ istiqamətində bir sıra strateji yüksəkliklərin azad olunması uğrunda başlayan ilk hərbi əməliyyatlarda peşəkarlığı ilə seçilən Kamran Kazımovun döyüş yoldaşları sonradan danışıblar ki, düşmənə aman verməyən bu cəsur oğul hər an şirin canını torpaqlarımızın azadlığı uğrunda qurban verməyə hazır olub, ana yurd uğrunda şəhid olmağın onun üçün şərəf olduğunu söyləyib. Bir yandan düşmənin başına od-alov yağdıran qorxmaz igid digər yandan da qızğın döyüşlərin getdiyi məqamlarda belə irəli atılaraq neçə-neçə yaralı hərbçi qulluqçumuzu ölümün pəncəsindən xilas edib.
Düşmənə qəzəb hissi ilə silahlanmış baş leytenant Kamran Kazımov eşidəndə ki, onları Murovdağ istiqamətindən geri çağırırlar, əvvəlcə bunu müharibənin dayanması kimi başa düşür. Ucadan deyir ki, "Biz qətiyyən dayanmamalıyıq. İrəli gedib torpaqlarımızın hamısını azad etməliyik. Düşməndən şəhidlərimizin qisasını almalıyıq".
Amma sonradan müharibənin dayanmadığını, sadəcə hərbi əməliyyat bölgələrinin dəyişdirilməsini biləndə bunu toy-bayram kimi qəbul edir.
Bu dəfə Kamran Kazımovun müharibə yolu Cəbrayıl istiqamətinə yönləndirilir. Komandir tabeliyindəki döyüşçülərlə birgə düşmənlə ölüm-dirim savaşına atılaraq onları torpaqlarımızdan qovmağa başlayır. Şiddətli döyüşlərdən qısa müddətlik başı ayılanda isə ondan nigaran qalan ailəsinə zəng vurur. Hal-əhval tutmazdan əvvəl isə mütləq onlarla torpaqlarımızın azadlığının sevincini bölüşür. Doğmalarına ondan narahat olmamalarını tapşırır, tezliklə görüşəcəklərini, qələbə ilə geri dönəcəyini deyir.
Öz-özünə doğmalarının boynuna sarılacağı, bir neçə aydan sonra doğulacaq körpəsini bağrına basacağı xoşbəxt günlərinin xəyalını qurur...
Amma zalım fələyin onun üçün tamam ayrı tale yolu cızdığından xəbərsiz idi...
İllərin uğuru
Kamran Qurbanəli oğlu Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda anadan olub.
1992-ci ildən ailəsi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. 1997-2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil alıb.
2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başlayıb, xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində davam etdirib. 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək "leytenant" hərbi rütbəsi alan Kamran yenidən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
Əks-hücum əməliyyatlarınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində çalışıb. Nümunəvi komandir kimi bilik və bacarığı sayəsində rəislərinin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağa müvəffəq olub. Hər zaman yüksək döyüş hazırlığı və qüsursuz xidməti ilə fərqlənən hərbi qulluqçu kimi 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib.
Axırıncı döyüş
Kamran Kazımov 2020-ci il oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə də qəhrəmanlıq nümayiş etdirir. O, "Kobra" xüsusi təyinatlı dəstənin döyüşçüləri ilə birgə qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirir. Bu döyüşlərdə baş leytenant dəstənin şəxsi heyəti ilə birgə düşmənin Cəbrayıl şəhəri ətrafındakı yüksəkliklərdə yerləşən bir neçə strateji postunu ələ keçirərək, ermənilərin 38 nəfər canlı qüvvəsini, o cümlədən iki tankını, dörd topunu və biri sursat daşıyan iki avtomobilini məhv edir. Düşmənin yüksəkrütbəli komandiri və sürücüsü UAZ markalı avtomobillə döyüş meydanını tərk edərək qaçmaq istəyərkən baş leytenant Kamran Kazımov tərəfindən "Muxa" tipli qumbaraatanla məhv edilir.
Düşmənin xeyli əlavə qüvvə toplayaraq yenidən hücuma keçmək niyyətini anlayan igid komandir şəxsi heyət mühasirəyə düşməsin deyə, onlara geri çəkilməyi əmr edir. Özü isə iki döyüşçü ilə birlikdə atəş dəstəyi ilə düşmənin irəliləməsinin qarşısını alır. Lakin bu, Kamran Kazımovun Vətən müharibəsində sonuncu qəhrəmanlıq döyüşü olur. Şiddətli döyüş zamanı snayper gülləsinə tuş gələrək ağır yaralanan qəhrəman komandir şəhid olur.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı Kamran Kazımov 2020-ci il oktyabrın 6-da Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.
Prezidentin sərəncamları ilə "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Xətai rayonunda qəhrəmanın adına küçə verilib...
"Dedi ki, Kamran şəhid olub"
Uşaq yaşlarından vətənpərvərlik ruhunda böyüyən Kamranın ən böyük arzusu hüquqşünas olmaq idi. Amma imtahan zamanı istədiyi ixtisasa qəbul üçün balı çatmır. Bundan sonra digər ixtisasları seçmir və meylini hərbçi olmağa salır.
Vaxtilə özünün də hərbçi olduğunu və Daxili Qoşunlarda polkovnik-leytenant rütbəsində xidmət etdiyini söyləyən şəhidin atası Qurbanəli Kazımov deyir ki, əvvəlcə oğluna hərbçi peşəsinin çox çətin olduğunu söyləyib onu fikrindən daşındırmağa çalışsa da, Kamranın inadı qarşısında geri çəkilməli olur. Beləcə Kamran Kazımovun peşəkar hərbçi həyatı başlayır:
Atası Qurbanəli Kazımov bizimlə söhbətində dedi:
- 2020-ci ildə Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər hərbçilərimizin şəhidlik xəbəri Kamranı da dərindən sarsıtmışdı. Yaman qanıqara idi. Əsəbiləşirdi, deyirdi ki, "İrəli" əmri verilsəydi, gedib düşmənin dərsini verərdik, qisasımızı alardıq...
Elə iyul hadisələrindən sonra Kamran gəlib dedi ki, Müdafiə Nazirliyinin ümumi qoşunları ilə birgə təlimlərə gedəcəklər. Birgə təlimlərin keçirilməsi mənə bir az qəribə gəlsə də, müharibə olacağı ağlımın ucundan da keçmədi. Düzdür, hərbçi olaraq analiz edib bilirdim ki, gec-tez işğal altında olan torpaqlarımız azad olunmalıdır, belə qala bilməz. Amma döyüş əməliyyatlarının məhz indi olacağını düşünmürdüm.
Təlim ərəfəsində Kamran iki dəfə gəlib evdə gecələdi. Sonuncu dəfə sentyabrın 19-da axşam evə gəldi və 20-si səhər günortaya yaxın ailəsiylə, uşaqlarıyla, anasıyla, qardaşıyla görüşüb ayrıldı. Aparıb onu yola saldım, hərbçi yoldaşları ilə birgə təlim yerinə getdilər. Bu, Kamranla son görüşümüz oldu. Bir daha onu görmədik. O, bizimlə vidalaşanda da heç hiss etdirmədi ki, müharibəyə yollanır. Ümumiyyətlə heç zaman xidməti barədə evdə danışmazdı. Kamran bir də sentyabrın 26-da axşam saatlarında zəng vurub dedi ki, "ola bilsin ki, bir neçə gün bizə zəng çatmasın. Mənə zəng vurmayın, imkan olanda özüm yığıb sizinlə danışacam". Səhəri gün tezdən televiziyadan eşitdik ki, əks-hücum əməliyyatları başlayıb.
Düz üç gün Kamranla danışa bilmədik. Çox narahat idik. Sentyabrın 30-da səhər tezdən gördük ondan zəng gəldi. Elə bil üstümüzdən dağ götürüldü. Hamımızla danışdı, dedi ki, "narahat olmayın, hər şey yaxşıdır..." Üstüörtülü dedi ki, əvvəlki mövqelərindən arxaya bir neçə saatlıq istirahətə gəliblər, sonra başqa istiqamətdə əməliyyatlara qoşulacaqlar. Bir də oktyabrın 3-də Kamran səhər zəng vurdu, onunla danışanda telefonda mərmi partlayışları, güllə səsləri eşidirdim. O, hər nə qədər "narahat olmayın, yaxşıyam" desə də, səsində titrəyiş hiss edirdim. Dedim ki, "nə olub sənə? Yaralanmısan?" Cavab verdi ki, "yox heç nə yoxdur. Sadəcə müharibədir, hər şey ola bilər. Uşaqlarım, yoldaşım, anam sənə əmanətdir". Həmin gün axşamtərəfi bir də zəng vurub hamımızla danışdı, sağollaşdı...
Ondan sonra Kamrandan heç bir xəbər ala bilmədik. Oktyabrın 6-da Daxili Qoşunların baş idarəsinə zəng vurub ondan xəbər bilmək istədim, ancaq heç bir məlumat olmadığını dedilər. Az sonra zəng vurub ünvanımızı soruşdular. Bütün bunlar mənə şübhəli görünsə də, ağlıma kədərli heç nə gətirməməyə çalışdım.
Heç üzərindən 5 dəqiqə keçməmiş yenidən baş idarədən zəng vuran bir nəfər dedi ki, "Qurbanəli müəllim, uzun müddət özünüz də hərbçi olmusunuz. Yəqin sizə nə demək istədiyimi başa düşürsünüz?" Özümü güc-bəla ilə toplayıb bircə kəlmə soruşdum ki, "Kamran şəhid olub?" Dedi ki, "bəli, dünən axşam saatlarında Cəbrayılda şəhid olub". (Ağlayır)
"Aç gözünü, oyan, oğlum!.."
Oktyabrın 6-da Kamranın şəhidliyindən xəbər tutan qonum-qonşu, rayonda yaşayan qohumlar hamısı axışıb onun yaşadığı küçəyə yığışmışdılar. Amma heç kim bu qara xəbəri ailəsinə deməyə özündə cəsarət tapmırdı. Elə bu məşum dəqiqələrdə qəfil Kamrangilin həyətindən qopan qadın naləsi isə eşidən hər kəsi dərindən sarsıdır.
Hamı Kazımovların həyətinə axışıb indicə ürəyindən oğul yarası alan Elmira ananın başına yığışır. Bir müddətdən sonra şəhidin tabutu gətiriləndə isə ağlamaqdan, üz-gözünü cırmaqdan taqətdən düşən ananın tabutu açdıraraq oğlunun nəşinə sarılması, balasının boyunu oxşaması, onu qucaqlayıb ayrılmaq istəməməsi bu faciəvi səhnəyə şahidlik edənlərin tüklərini ürpəşdirir, göz yaşlarına boğur... Daha təsəlliyə yer qalmır...
Anası Elmira söhbətə qoşulur:
- Tabutu açdılar. Elə bil ki, balam dərin yuxuya getmişdi... Azca rəngi saralmışdı... Üz-gözündən öpdüm, nə qədər harayladım ki, "Aç gözünü, Kamran, oyan, oğlum!.." O, oyanmadı... Həyatımda ilk dəfə idi ki, oğlum sözümdən çıxırdı, mənə hay vermirdi...
Bəlkə də tabutu açdırmaqda düz etməmişdim, amma sanki bununla gözümün yollardan yığılacağını düşünürdüm. Amma bununla belə, hələ də Kamranın şəhid olduğuna inanmıram, onun yolunu gözləyirəm...
Nəinki oğlumun şəhidliyinə, heç yaralanmağına belə inanmırdım. O özündən elə əmin, qorxusuz idi ki... Kamranın iki yaşı olanda Bakıya köçmüşdük, kirayədə qalırdıq. 1990-cı illərin müharibə dövrü idi. Atası hərbçi olduğu üçün günlərlə evdə olmurdu, ikimiz birlikdə qalırdıq. Özünü kişi kimi aparıb mənə hayan olurdu. O vaxt çörəyi növbəylə alırdıq. Elə olurdu gecəyə qədər belə növbəmiz çatmırdı, evə əliboş qayıdırdıq. O, uşaqlığı ilə nə aclığını, yorğunluğunu, nə də yuxusuzluğunu büruzə verirdi, yol boyu "Marş irəli, Azərbaycan əsgəri"ni oxuyurdu.
Kamran enerjili, həyat dolu biri idi. Məktəbdə həm dərslərini yaxşı oxuyur, həm də bütün tədbirlərdə fəal iştirak edirdi. Orta məktəbdə oxuduğu illərdə karate ilə məşğul olurdu, 1-ci dan "Qara kəmər" ustası dərəcəsinədək yüksəlmişdi. Bununla yanaşı, musiqi ilə həvəskar səviyyədə məşğul olurdu və sintezatorda ifa etməyi bacarırdı. Bizi başına yığıb Azərbaycan klassik mahnılarını elə gözəl ifa edərdi ki...
Kamran mənə dayaq idi, elə bil onunla ikimiz bir yerdə boy atırdıq. O həm oğlum, həm sirdaşım, həm də dostum idi...
Demə, yaşamaq Kamranlı günlərdə imiş. İndi mən yaşamıram, sadəcə ona qovuşmaq üçün günlərimi sayıram. Oğlum şəhid olandan sonra ən yaxın sirdaşım gecələr olub. İnsanlar var səhərin açılmağını, mən isə gecənin düşməyini arzulayıram. Sübhə qədər Kamranın ruhu ilə danışıb ağlayıram... Günəş doğub səhər açılanda çox pis oluram, deyirəm ki, "İlahi, bu əzablarla daha bir gün yaşayacam..."
Bala dərdinə dözmək çox çətindir...
Oğlumun şəhidlik zirvəsinə ucalan zaman əynində olan qana, palçığa bulaşmış hərbi formasını hələ də yumamışam. Vəsiyyət eləmişəm ki, dünyamı dəyişəndə məni o formayla birgə basdırsınlar...
Son istək, son əmanət
Kamran peşəkar hərbçi, igid döyüşçü, hər şeydən əvvəl mükəmməl ailə başçısı, həyat yoldaşı, əziz ata idi... 2012-cı ilin yağışlı bir mart günündə Kamranla Şəhlanın toyları çalınmış, həyat yolunda qoşa addımlamağa başlamış, ata-ana olmağın fərəhini duymuşdular. Tanrı onlara bir qız, bir oğul övladı bəxş etmişdi. Adlarını Aydanla Ərtoğrul qoymuşdular. 2020-ci ilin iyulunda isə Kamranla Şəhla yenidən valideyn olacaqlarının xoş xəbəri ilə sevinmişdilər. Nədənsə hələ cinsiyyəti bəlli olmayan körpənin oğlan olacağı ilə bağlı bir hiss doğmuşdu Kamranın içinə. Ona görə Vətən müharibəsində od-alovun içərisindən ömür-gün yoldaşına mesaj yazmışdı ki, "Şəhla, sağ-salamat qayıtsam, uşağın adı "Alparslan" olar, əgər qayıtmasam, "Kamran" qoyarsan".
Həyat yoldaşı Şəhla qəm-qüssə içində Kamranlı günlərini xatırladı:
- Onunla nişanlanandan sonra əsgərliyə getdi və oradan qayıdıb bir müddət işlədikdən sonra 2012-ci ildə evləndik. Elə ailə qurduğumuz il Kamran ali hərbi məktəbə qəbul oldu. Həmin zaman Aydan dünyaya gəldi. O, oxuduğu 2 il müddətində ancaq şənbə və bazar günləri evə gəlirdi. Ümumiyyətlə, hərbçi kimi demək olar ki, zamanının çoxunu kurslarda, təlimlərdə keçirirdi. Amma işlərinin çoxluğuna, yorğunluğuna baxmayaraq, hər zaman ailəsinə vaxt ayırmağa çalışırdı. Kamran o qədər ailəcanlı, qayğıkeş, mehriban idi ki... Uşaqları ilə nəfəs alırdı... Vaxtını onlarla keçirməkdən həzz alırdı...
Müharibədən az əvvəl təlimlərə getmişdi. O zaman iki aylıq hamilə idim. O, ayda bir dəfə evə gəlirdi. Baxırdım ki, üzü tüklüdür. Narahatlıqla soruşurdum ki, "Kamran siz nə işlə məşğulsunuz ki, heç üzünü taraş etməyə də vaxt tapmırsan?" O isə deyirdi ki, "narahat olma, heç nə yoxdur, sadəcə təlimlər ağırdır, vaxtımız yoxdur".
Bəlkə də o müharibənin olacağını bilirdi, amma bizə bu barədə heç nə demirdi.
Heç döyüşə gedəndə də bizə bildirməmişdi...
Hamiləliyimlə bağlı həkim müayinəsinə də getmirdim. Elə bilirdim ki, müharibə tez qurtaracaq və Kamranla birgə həkimə gedəcəyik. Ancaq oktyabrın 3-də telefonla danışanda o dedi ki, "həkimə get, məni gözləmə. Bəlkə beş aydan, bir ildən sonra qayıtdım..." Dedim ki, "yox, sənsiz getməyəcəm, səni gözləyəcəm. Gələrsən, ikimiz bir yerdə gedərik". Ağlıma gəlməzdi ki, bir daha Kamran yanımıza qayıtmayacaq. Körpəmizin atasının üzünü görməyəcəyini düşünmək belə məni dəhşətə salırdı.
Oktyabrın 3-dən sonra Kamrandan xəbər ala bilmirdik. Qayınatam hər yerdən onu soraqlayırdı, amma heç bir məlumat ala bilmirdi. Ayın 6-da səhər saatlarında o, qaynım Orxanı və Ərtoğrulu götürüb yenə getdi ki, görsün nəsə öyrənə bilərmi? Getməklərinin üzərindən heç yarım saat keçməmiş gördüm ki, qayıtdılar. Qayıdışları ilə elə bil həyətdə qiyamət qopdu. Hamı ağlaşır, özünü döyür, nalə çəkirdi. Sanki dünya üzərimə çökmüşdü, amma heç cür Kamranın şəhid olmasına qəbullanmaq istəmirdim. Çarəsizcə özümə təskinlik verməyə çalışır, deyirdim ki, "burada nəsə yanlışlıq var. Kamran peşəkardır, o qədər kurslar, təlimlər keçib, hərbi sahəni dərinliklərinə qədər bilir, ona heç nə olmaz..."
Kamran mənim arxalandığım dağ idi. Ona ölümü yaraşdırmırdım... Amma demək bizim də yazımız bu imiş...
Kamrandan sonra...
- Kamranın şəhidliyindən sonra düz yeddi ay ərzində düşündüyüm təkcə o idi ki, körpəmiz doğulub dili söz tutandan sonra atasını istəyəcək. O zaman ona nə cavab verəcəm?!
Təsəvvür edin ki, heç istəmirdim ki, o uşaq dünyaya gəlsin. Mənə elə gəlirdi ki, o uşağın ayağı bizə düşmədi, ailəmiz darmadağın oldu. Hətta qızımız doğulandan sonra iki-üç gün onu qucağıma almadım. Ancaq elə məni həyata bağlayan da yenə o körpə oldu. Kamrana söz vermişdim ki, övladımıza onun adını qoyacam. Ona görə də qızımıza atasının adına uyğun "Kamrana" adını verdim.
O, dünyaya gözünü açandan İkinci Fəxri xiyabanda böyüdü. İndi atasının məzarı üzərinə gedəndə qaça-qaça hamıdan qabaq gedir. Deyir ki, "ana, gülü ver mən aparım". Aparıb gülləri məzarın üzərinə düzür...
Kamrananı iki aydır bağçaya qoymuşam. Yəqin orada uşaqların ataları ilə birgə bağçaya gəldiyini görür deyə, gəlib mənə deyir ki, "ana, ataya zəng vur gəlsin". Videolarda atasını göstərirəm ki, "bax ata budur". Uşaq ağlayır ki, "yox, onu istəmirəm. Ata evdən gəlsin..."
Bunları yaşamaq ağırdır... Allah heç bir qadına, anaya bu dərdi göstərməsin... Dünyanın heç bir maddi təminatı Kamranın isti nəfəsini bizim üçün əvəz eləyə bilməz. Bəlkə də atalarının sağlığında olduğundan da artıq uşaqlar üçün hər şey edirəm, istər alış-veriş, əyləncə, gəzmək olsun... Çalışıram az da olsa, başları qarışsın. Amma nə etsəm, yenə də görürəm ki, alınmır. Onlar məhz atalarının yanlarında olmalarını istəyirlər. Övlad üçün atanı heç nə əvəz eləmir...
Həmişə Kamranla uşaqlarımızın gələcəyi barədə danışırdıq. O əvvəl yaşadığımız evi nəzərdə tutub deyirdi ki, "Şəhla, evin ikinci mərtəbəsini tikərik, Ərtoğrula toy edəndən sonra orada yaşayarlar". Beləcə, biz qocalığımızın xəyallarını qururduq. Amma onların heç biri qismətimiz olmadı. Nə arzu qurmuşduqsa, hamısı yanıb külə döndü...
Şəhidliyin uca zirvə olduğunu bilirəm. Kamran bizim qürurumuz, adı başımızın tacıdır, amma kaş ki, sağ qalaydı, arxa-dayağım olaydı. Övladlarımızı birlikdə boya-başa çatdıraydıq. İndi həyatda tək istəyim uşaqlarımızı Kamranın arzularındakı kimi böyütməkdir, başqa heç nə...
"Ata, sənin üçün çox darıxıram"
Zəfər döyüşçüsü Kamran Kazımov ömrünün bahar çağında həyatla vidalaşdı. Kamran üçün hər şeydən öncə Vətən gəldi. Ana torpaq uğrunda döyüşlərdə mərdliklə vuruşaraq şəhadət zirvəsinə yüksəldi. Onun 30 illik qısa ömür salnaməsinə həm qəhrəmanlıqlarla dolu şanlı səhifələr, həm də qüssəli tale yazıldı.
Kamrandan sonra onun yoxluğu doğmalarının - atası Qurbanəlinin, anası Elmiranın, qardaşı Orxanın, bacısı Xəyalənin ürəyində silinməz dağa çevrildi...
Kamransızlığın ən böyük ağrı-acısı - ömür-gün yoldaşı Şəhlanın, övladları Aydanın, Ərtoğrulun, Kamrananın qəlbində əbədi yuva qurdu. Gözlərini yaşlı, könüllərini pərişan qoydu...
Böyüyəndə polis olmaq istəyən Aydan söylədi ki, "atam evdə olanda həmişə onunla oyunlar oynayırdıq. Ən çox yadımda qalan stəkana su doldurub bir-birimizin üzərinə atmağımızdı. O, məni qucağına alıb dolabın başına qoyurdu, belə əyləncəli oyunlar oynayırdıq..." Ancaq göz yaşları atasıyla bağlı şirin xatirələrinin arxasını gətirməyə 11 yaşlı Aydana imkan vermədi... Hıçqırıqlar içərisində təkcə onu pıçıldaya bildi ki, "ata, mən səndən ötrü çox darıxıram".
9 yaşlı Ərtoğrul isə söylədi ki, "atam məni futbola hazırlaşdırırdı. Stadionda gəlib məşqlərimə baxırdı. İndi onu yuxularımda görürəm. Həmişə də bir yerdə oyun oynayırıq..." Ağlayır...
Nə yazıq ki o an bu ürəyiyaralı körpələrə təskinlik verməyə söz tapmırıq... Qəhərdən susuruq... Sadəcə düşünürük ki, indi bizim hiss etdiyimiz bu ürəkparçalayan halı anaları Şəhla xanım gündə bəlkə də onlarca dəfə yaşayır...
Biixtiyar başımızı qaldırıb qəhrəman Kamran Kazımovun divarda ailəsinin başı üzərində asılmış və sanki onlara "mən hər an sizinlə birlikdəyəm" deyircəsinə baxan və qürur həkk olunmuş fotosuna baxırıq...