Xəbər verdiyimiz kimi, İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı istefaya göndərib.
"Unikal"ın xarici mediaya istinadən məlumatına görə, İsrail Baş nazirinin ofisindən verilən açıqlamada Netanyahunun bu qərarı verməsinin səbəbi göstərilib.
"Aramızdakı etimad sarsıldı. Aramızdakı uçurumu aradan qaldırmaq üçün dəfələrlə cəhd etdim, amma bu daha da genişləndi" deyən Netanyahu sağ qolu sayılan Qalantı vəzifəsindən azad edib. O, Qalantın kabinet qərarları ilə ziddiyyət təşkil edən qərarlar və açıqlamalar verdiyini bildirib. Qalantı hazırkı xarici işlər naziri İsrael Katz əvəzləyib.
İşdən çıxarılan müdafiə naziri sosial media hesabından verdiyi açıqlamada "İsrail Dövlətinin təhlükəsizliyi hər zaman həyatımın missiyası olub və belə də qalacaq" deyib.
Netanyahu ilə Qalant arasında fikir ayrılığı olduğu məlum idi. İsrailin baş naziri bundan əvvəl də Qalantı vəzifəsindən uzaqlaşdırmağa çalışsa da, etirazlardan sonra bu qərarından vaz keçmişdi.
Nuranə Abbasova