Müdafiə Nazirliyinin sabiq zabiti, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov müvəkkilinə bir neçə sual ünvanlayıb.
- Zahid Niftəliyev, Sizə ittiham verilib ki, ATA Bankdan 24 milyon manat pulu qeyri şəxslərlə götürüb mənimsəmisən. Bu məbləğdən sizə nə qədər pul çatıb?
- Həmin pul mənim adıma götürülüb Müdafiə Nazirliyi üçün müəyyən iş görülməsi üçün. Bəzi Nəcməddin Sadıkov kimi vicdansız şəxslər görüblər bu işi.
Prosesin bu yerində hakim Novruz Kərimov təqsirləndirilən şəxsə təhqirə görə xəbərdarlıq etdi: "Əgər bir də belə danışsanız məhkəməni sizsiz keçirməli olacağıq. Məhkəmədə təhqir yolverilməzdir".
Sonra yenə Vəkil Əli Adıgözəlov sual verməkdə davam etdi.
- Zahid Niftəliyev, sizin tərəfinizdən götürüldüyü iddia olunan məbləğin 16 milyon manatını ayrı-ayrı xarici ölkə vətəndaşlarının adına köçürüb mənimsəmisən. Bu barədə nə deyə bilərsən?
- Mənim kreditin təyinatından ancaq keçmiş vergilər naziri Fazil Məmmədov işdən çıxandan sonra xəbərim olub. Fazil Məmmədov bizə dedi kömək etmək istəyir. Mənim firmamın vasitəsilə həmin işlər görülməli idi, orada kredit söhbəti olmayıb. Fazil öləndən sonra bank müdiri məni çağırıb dedi ki, adınızda kredit var.
- Sizin ümumiyyətlə bankdan 7 dəfə kredit götürdüyünüz məlum olur, axırıncı dəfə də 22 milyon manat. Bununla bağlı bankların 7 müqaviləsi var. Nə deyə bilərsiniz?
- Siz deyəsən istəyirsiniz məni sıradan çıxardasınız. Mən bir dəfə bankda olub bir müqavilə qollamışam. Digər müqavilələr quraşdırmadı.
- Zahid Niftəliyev, 30.06.2015-ci ildə ATA bankdan 24 milyon manat sizin şirkətin hesabına köçürüləndən sonra siz elə həmin gün SVİFT KONSALTİNQ LİMİTED şirkətinə 16 milyon 847 min 800 manat pul köçürmürsüz. Şirkət kimin olub? onunla müqaviləniz olubmu? Bu barədə nə deyə bilərsiniz?
- Mən bircə onu bilmişəm ki, avadanlıqlar bu şirkətin vasitəsilə gətiriləcək.
- 2015-ci 03 iyul- 06 oktyabr tarixlərində xarici ölkə vətəndaşlarının adına külli miqdarda pullar köçürülüb. Bundan xəbəriniz olubmu?
- Mən heç kimi tanımamışam.
- Həmin məbləğdən 625 min manat və 683 min 900 ABŞ dolları banka faiz borcu qaytarılıb sizin adınızdan. Sizin tərəfinizdən bankda hər hansı bir təminat olubmu?
- Mənə bir dəfə yığdılar hesabat istədilər. Mən də yığdım Mahir Rəfiyevə dedim. Ondan sonra məni yığan olmadı. Həmin imzalar mənə aid deyil.
- Ümumiyyətlə kredit alanda sənədlərə baxılmalıdır, baxmısınız?
- Mən bu krediti özümə götürsəydim oxuyardım, özümə götürmədiyimə görə oxumamışam, sadəcə vətənpərvərlik etmişəm. Mənə dedilər ki, Fazil Məmmədov humanitar yardım kimi iş görür, Azərbaycan Ordusuna kömək edir. Rəfiyev də mənə dedi ki, bu işlər qurtarandan sonra həmin firmada bağlanacaq, sənlik heç nə olmayacaq. Mən kiməm ki, kredit qanunsuz olduğu halda o məbləğdə mənə kredit versinlər.
- Sizə yalançı sahibkarlıq və sair maddələrlə ittiham verilmişdir ki, 62 min manatı mənimsəmisiniz. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən həmin maddələrə görə 1 ildən artıq qanunsuz həbsdə yatmışam.
Məhkəmə prosesi 27 noyabr tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat kreditə dair məhkəmə qərarını qərəzli olaraq icra etməməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.