"Azərbaycanda pul-kredit siyasəti düzgün həyata keçirilir. Amma vətəndaşlara verilən kreditlər orta və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan vermir. Bu məsələyə baxılsın və kreditlərin faizi aşağı salınsın, müddətləri uzadılsın. O baxımdan ki, insanlar kredit götürüb iş yerləri açsın, sahibkarlıqla məşğul olsun və ölkənin ərzaq təhlükəsizliyinə dəstək olsun".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. O xatırladıb ki, hazırda Mərkəzi Bankdan başqa 22 bank fəaliyyət göstərir:

"Yeni, regional və xarici ölkələrlə birgə bankların açılmasına böyük ehtiyac var. Azərbaycanda 60-70 valyutadəyişmə məntəqəsi var. Şənbə-bazar günü bir valyutadəyişmə məntəqəsi işləyir. Nə qədər adam düzülüb gözləməlidir ki, orada valyutanı nə zaman dəyişəcəklər. Bu məsələ də həllini tapsa, yaxşı olardı. Əmanətlərin sığortalanması üçün yuxarı hədd 100 min manatdır. Vətəndaş məcburdur ki, qalan pulunu sandıqda saxlasın. Başa düşürəm ki, bank riskləri qoruyur. Vətəndaşdan həmin pulu 6 faizə götürüb 17-18 faizə kredit versə, özünə 7-8 faiz qazanır. Belə qazanc olduğu halda, vətəndaş nə qədər istəyir banka pul qoysun və sığortalansın".

Anar Kəlbiyev