NATO nümayəndələri Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunan Akademik Konfransda iştirak etmək üçün Bakıya səfər ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X” platformasındakı paylaşımında bildirib.
Qeyd edilib ki, səfər çərçivəsində NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini Burcu San rəhbərliyindəki NATO nümayəndələri, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ilə birgə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev ilə görüş keçiriblər.
Görüş çərçivəsində, Azərbaycan-NATO tərəfdaşlığı ilə bağlı məsələlər, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib və müzakirələr zamanı Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və müttəfiq ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə NATO-nun etibarlı tərəfdaşı olduğu qeyd edilib.