21 noyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Dinamik sistemlərdə idarəetmə üsulları laboratoriyasının aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl zonada keçirilən “StartUp-AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellektli startaplar) tədbirində iştirak edib.

"Unikal" xəbər verir ki, Green goals in science (Elmdə yaşıl hədəflər) mövzusunda məruzə ilə çıxış edən R.Məstəliyev COP29-un Bakıda keçirilməsinin ölkənin artan nüfuzunun göstəricisi olduğunu qeyd edib. Bu qəbil tədbirlərin gənclərimizin müasir dövrün tələblərinə cavab verən süni intellektli startaplara cəlb olunmasına təkan verdiyini bildirib.

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşı İbrahim Nəsibov, Naxçıvan Dövlət Universitetinin rektor köməkçisi Hüseyn Rəsulzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Nigar Abdullayeva, AgroChat layihəsinin rəhbəri Şəhriyar Quliyevin məruzələri dinlənilib.

Çıxışlarda startap layihələrinin təqdim olunması, onların dövlət və özəl qurumlar ilə koordinasiyalı əlaqələndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə fəaliyyətin davam etdirilməsi təklif edilib.