Bakının Ramana qəsəbəsində həyat yoldaşını boğaraq öldürən Nurəddin Məmmədovun məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Məmmədov Nurəddin Mehvalı oğlunun məhkəmə prosesində dünyasını dəyişən qadının bacısı Aytən xanım şahid qismində ifadə verib:
"Mənim heç bir şeydən xəbərim olmayıb. Sənədlərim onlarda idi deyənə qonaq getmişdim. Həmin vaxt onların arasında söz-söhbət düşdü. Nurəddin içkili idi, telefonu götürüb sındırdı. Mən dedim əgər mübahisə mənə görədirsə çıxım gedim. Bacım Ayşən dedi, sən bu gün getmə, sabah səninlə bir yerdə mən də gedərəm. Nurəddin deyir ailəmi sən dağıtdın. Mən heç bir şey eləməmişəm. Ayşənin kimləsə ünsiyyət qurmağını görməmişəm, ancaq sosial şəbəkədə bacım Ayşən canlıda idi. Mən dərhal yığdım dedim sən canlıda neynirsən? Dedi sonra deyərəm. Ayşən uşaqların profili ilə girirdi tiktoka. Həmin vaxt bir oğlanla canlıda yazışırdı. Mənə deyirdi mən həmin oğlandan qayğı-istək görmüşəm. Nurəddin bacıma danışmaqla bağlı qadağa qoyduğu insanlar var idi. Mənimlə danışmağa da icazə vermirdi. İstintaqda verdiyim ifadəni təsdiq edirəm".
Nurəddin Məmmədov: "Elyar Verdiyevlə tanışlığınız hardandır? Niyə 3 nəfər birləşib Ayşəni şantaj edirdin?"
Şahid Aytən xanım: "Mən həmin şəxsi tanımıram. Emin adında şəxsin adını çəkirdi. Ayşən may ayının 9-da bizə gəlmək istəyirdi oğlumun ad gününə. Dedi yol pulu hazırla, mənim qabağıma çıxarsan. Bir dəfə mənə özünün döyülmə şəkilini atmışdı".
Nurəddin Məmmədov: "Sənanla Ayşəni niyə telefon xəttinə qoşurdun? Bilirsən də kimi deyirəm, sevgilin olan şəxsi".
Aytən xanım: "Mən elə adam tanımamışam".
Şahid dindirildikdən sonra hakim Mahirə Kərimova sənədlərin tədqiqinə başladı.
Məlum oldu ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. Hakim məhkəmə istintaqını yekunlaşdığını elan edərək çıxış üçün dövlət ittihamçısına söz verib. Dövlət ittihamçı Fuad Musayev ittiham nitqi ilə çıxış edərək Nurəddin Məmmədovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi isə Nurəddin Məmmədova ən ağır cəzanın verilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili 120.1-ci maddədən 122-ci maddəyə tövsif edilməsini xahiş edib.
Nurəddin Məmmədov son söz nitqi ilə çıxış edərək cinayəti bilərəkdən etmədiyini və himayəsində 2 azyaşlı uşağının olmasını bildirdi.
Çıxışlardan sonra hakimlər müşavirəyə gedib. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən Nurəddin Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Nurəddin bu il mayın 5-də evə gəlib arvadı Ayşənin yataq otağında "WhatsApp"la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları gördükdən sonra, Ayşənin ona xəyanət etməsindən əmin olub.
Nurəddin arvadı ilə mübahisə edə-edə mətbəx otağına daxil olduqdan sonra qəflətən hər iki əli ilə boğazından tutub yerə yıxaraq boğaraq öldürüb. Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli