“Ağdam 60 minlik şəhər idi, indi orda 100 minlik şəhər tikilir”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

“Bizim qarşımızda çıxış edən nazirlər nə Norveçin, nə də Almaniyanın idi. Onlar böyük müharibədən çıxmış və hələ də müharibə təhlükəsiz qurtarmamış bir ölkənin nazirləri idi. Yəni dövlət büdcəsi üçün böyük əziyyət çəkiblər. Hamı dedi ki, kəndimizdə qaz yoxdur, su, yol, məktəb yoxdur. Bunu cari məsələyə çevirdilər. Bir müddət qazsız, susuz, məktəbsiz qala bilərik, əsas odur ki, müharibədən çıxmışıq, bilirik neçəyə başa gəlir. 

İndi Qarabağ tikilir. Mən oradakı şəhərlərə İlham Əliyevin şəhərləri deyirəm. Ağdam 60 minlik şəhər idi, indi orda 100 minlik şəhər tikilir. 100 minlik şəhərə neçəyə başa gələcək Allah bilir. Ermənilər Qarabağa 800 milyard dollar ziyan vurub və onu qısa müddətdə həll etmək mümkün deyil. Xahiş edirəm növbəti müzakirəni cari məsələyə çevirməsinlər. Qaz da, su da olacaq. Qohum-əqrəbam deyir ki, mənim də kəndimdə qaz yoxdur. Görüşəndə deyirəm ki, 30 ildir qazsız yaşamısız, Ağdamın, Füzulinin, Kəlbəcərin xətrinə dözün də, qardaşlar. Təki evimizə-eşiyimizə qayıda və orada adam balası kimi yaşayaq”, - deyə deputat bildirib.

Spiker Sahibə Qafarova isə Aqil Abbasın fikirlərini təsdiqləyib: “Siz yaxşı dediniz ki, Qarabağ torpağında böyük şəhərlər, kəndlər tikilir. Həmin torpaqlar da qarabağlılara verilir”.

Anar Kəlbiyev