Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında bir qrup ərazi partiya təşkilat sədri ilə görüş keçirilib.
"Unikal"ın məlumatına görə, görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 700 mindən artıq üzvü var: “Partiya üzvlərinin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar”.
Elçin Quliyev xalqımızın daim dövlətimizin başçısının ətrafında sıx birləşdiyini vurğulayıb. O qeyd edib ki, bu həmrəyliyin bariz nümunələrindən biri də 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.
Sonda rayon təşkilatının sədri ərazi partiya təşkilat sədrlərinə tapşırıq və tövsiyələrini verib.
Ərazi partiya təşkilat sədrləri çıxışlarında yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzularının yaşadığını deyiblər. Əminliklə ifadə olunub ki, müstəqil Azərbaycan YAP Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru inamla irəliləyir.