"Ermənistan öz ərazisində azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarıb və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb".

"Unikal" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, deputat Əziz Ələkbərli deyib.

O bildirib ki, Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurub:

"Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb. Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir. Bu tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, ədalət, sülh və barışıq yolunda apardığımız mübarizənin başlanğıc nöqtəsini izah etməkdir. Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik".