Dekabrın 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Qurumba kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandıran icra başçısı bildirib ki, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan və ədalətli qaldırılan məsələlər müsbət həllini tapıb. Onun sözlərinə görə, yerlərdə əhalinin müxtəlif zümrələri ilə görüşlərin keçirilməsi, vətəndaşla sərbəst dialoq mühitinin inkişaf etdirilməsi dövlət başçısının bütün məmurlar qarşısında qoyduğu ən önəmli tapşırıqlardandır.
Taleh Qaraşov Qurumba və Narbağı kəndlərinin sakinləri tərəfindən qaldırılan şəxsi və ümumi problemləri dinləyib, onların həlli istiqamətində müvafiq addımların atılması və nəticəsi barədə vətəndaşlara qanunla nəzərdə tutulan müddətdə cavab verilməsinin təmin edilməsini aidiyyəti vəzifəli şəxslərə tapşırıb.
Qurumba kənd inzibati ərazi dairəsinin sakinləri sərbəst və manesiz müraciət etmək hüquqlarının təmin olunmasından razılıqlarını ifadə ediblər. Sosial-iqtisadi vəziyyətlərinin və məmur-vətəndaş münasibətlərində etimad mühitinin daha da inkişaf etməsinə görə Qurumba və Narbağı kəndlərinin sakinləri dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.